ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Gəncə şəhərində olub
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar regionlara səfəri çərçivəsində Gəncəyə şəhərinə gəlib. Səfirin məqsədi mərkəz və Qərb regionunun əhalisi ilə görüşmək, orada mövcud olan ABŞ-Azərbaycan əmkdaşlığı ilə tanış olmaq və bu əməkdaşlığa dəstəyini göstərməkdir.
R.Morninqstar Cəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb, şəhərin tarixi, iqtisadiyyatı, təhsil və mədəniyyəti sahəsində gedən işlər müzakirə edilib. Həmçinin ABŞ-Azərbaycan arasında mövcud əməkdaşlığin daha da inkişaf etdirilməsi üçün təkliflər səsləndirilib.
KİV nümayəndələrinə müsahibəsində səfir Riçard Morninqstar bildirib ki, Gəncə özünəməxsus Şərq memarlığına uyğun yenilənir. Mən Gəncə şəhərində olmaqdan çox məmnunam. Çox gözəl, füsünkar bir şəhəriniz var. Bu, mənim Gəncəyə ilk səfərimdir. Biz anlayırıq Gəncə Azərbaycanın ən önəmli şəhəridir. Birləşmiş Ştatlarda Gəncə şəhərindən təhsil alan gənclər çoxdur. Bizim Azərbaycanla əməkdaşlığa töhfə verən işlərimiz çoxdur və inanıram ki, bu, gələcəkdə daha da dərinləşəcək. Bu cür əməkdaşlıq ölkələrimiz arasındakı münasibətlərin gücləndirilməsinə təkan verəcək. Çünki bu əlaqələr ölkələrimiz arasında anlaşmanın artmasına xidmət edir.
Səfir Gəncədə azərbaycanlı tərəfdaşlarla yerli layihələrdə birgə çalışan Amerika Sülh Korpusunun könüllüləri ilə görüşüb, Amerika mərkəzinin və Gələcəyə Körpü İctimai Birliyinin fəaliyyəti ilə tanış olub, Azərbaycan Dövlət Aqrar Universitetinə və şəhərin tarixi yerlərinə baş çəkib.