Gəncə şəhərində “Novruz- el şənliyi” keçirilib
El şənliyində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkilləri Musa Quliyev, Xanlar Fətiyev, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, əcnəbi qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları öncə baş meydanda ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə hörmət və ehtiram ifadəsi olaraq təravətli gül-çiçəklər qoyublar.
Novruz şənliyi Gəncənin Cavad xan küçəsində başlayıb. Burada carçı və zurnaçılar bütün el-obanı Novruz şənliklərinə qoşulmağa səsləyiblər. Dədə Qorqud, Novruzun atributları olan Keçəl və Kosa , əlində şərbət olan Bahar qız izdihamın önünə gələrək bahar təbriklərini çatdırıblar. İştirakçılar xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər.
Novruz bayramından öncə qeyd edilən su, od, yel və torpaq çərşənbələrinə həsr edilən meydan tamaşaları, şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifa şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb. Xalq tətbiqi sənət nümunələri, əl işlərindən ibarət sərgilərə baxış keçirilib. Qədim el adəti yada salınaraq yumurta döyüşdürülüb.
El şənliyində dirədöymə, kəndirdartma, torbadaşıma və digər qədim oyunlara da tamaşa edilib. Daha sonra şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və qonaqlar bayram süfrəsi arxasında əyləşərək milli mətbəximizin ləziz təamlarından dadıb. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Novruz bayramı münasibəti ilə gəncəliləri təbrik edərək onlara can sağlığı, ailə səadəti arzu edib. İcra başçısı barışıq və dostluq bayramı olan Novruzun Azərbaycan xalqına uğur, bol ruzi- bərəkət gətirməsini arzulayıb. Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən ölkənin sosial-iqtisadi, mədəni və ictimai həyatında yaxından iştirak edən bir qrup şəhər fəalına Fəxri fərmanlar təqdim olunub.Sonda əmin-amanlıq və barış rəmzi olaraq sülh göyərçinləri səmaya uçurulub.