Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

31 mart 2015 | 15:00

 Bu münasibətlə “Şəhidlər Xiyabanı”nda təşkil olunan anım tədbirində izdiham yaşanıb. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Məşəl Abidə Kompleksi önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə 31 mart soyqırımı qurbanlarının ruhuna dualar oxunub və Allahdan rəhmət dilənib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 97 il öncə erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən söz açıb. Soyqırımın xronologiyasına nəzər salan icra başçısı bildirib ki, azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım siyasəti düşünülmüş şəkildə həyata keçirilib. Erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetiriblər.

 Elmar Vəliyev vurğulayıb ki, Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki,  1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Qarabağ əlili Faxrəddin Sultanov, şəhid bacısı Vüsalə Veysəlova, Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi  Tahir Abbasov çıxışlarında qeyd ediblər ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın öldürülməsi ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib.

 Çıxış edənlər Prezident İlham Əliyevə və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə şəhərində “Şəhidlər Xiyabanı”nın yaradılması və şəhid məzarlarının yenidən bərpasına görə minnətdarlıq ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, zaman–zaman Azərbaycan xalqının başına gətirilən soyqırımları ümumiləşdirərək Gəncədə bir abidə ərsəyə gətiriləcək. Abidə bir il sonra  31 mart Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində təhvil veriləcək. Abidə kompleksi Gəncə şəhərinin mərkəzində yerləşən parklardan birində ucaldılacaq. Kompleks özündə 31 mart Azərbaycanlıların Soyqırımını və Xocal faciəsini əks etdirəcək.

Tədbirdə Gəncə Dövlət Dram Teatrının aktyorları “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə hərs olunmuş kampazisiya nümayiş etdiriblər.

Anım mərasimi Azərbaycan torpaqlarının azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin qəbirlərini ziyarətlə yekunlaşıb.

Keçidlər