2012-ci il Gəncə üçün uğurlu il olub
2012-ci ildə Gəncənin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr haqqında şəhər İcra Hakimiyyətinın hesabatı dinlənilib. Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyevin, millət vəkillərinin və şəhər fəallarının qatıldığı toplantıda ötən ilin Gəncə üçün uğurlu il olduğu vurğulanıb.
2012-ci ilin yekununa görə, Gəncədə ümumi daxili məhsulun həcmi 45,8 faiz, yaxud müqayisəli qiymətlərlə 210,7 milyon manat artıb. Ötən il orta hesabla hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2 min 294 ABŞ dolları olub. Bu haqda hesabat yığıncağında çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, şəhərdə iri və kiçik müəssisələrdə yeni istehsal sahələrinin açılması istehsal həcminin artımına və yeni iş yerlərinin yaranmasına səbəb olub. Ümumilikdə ötən il 160,5 min nəfərin məşğulluğu təmin olunub. İcra başçısı 2012-ci ildə şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 175,2 milyon manatdan çox vəsaitin yönəldildiyini bildirib. Toplantıda Gəncədəki bank və qeyri-bank kredit təşkilatları tərəfindən 2012-ci il ərzində hüquqi və fiziki şəxslərə 208 milyon 636 min manat kredit verildiyi də diqqətə çatdırılıb. Hesabat yığıncağında enerji, qaz, su, kanalizasiya və rabitə infrastrukturunun yenidən qurulması yönümündə atılan addımlardan və gələcək layihələrdən söz açılıb. Şəhərin müxtəlif yaşayış massivlərində, küçə və prospektlərində aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Hesabat yığıncağında Gəncənin nəqliyyat sektorunda aparılan islahatlar çərcivəsində əksər ictimai nəqliyyat vasitələrinin yeniləri ilə əvəzləndiyi, şəhərin taksi parkının müasirləşməsi üçün 500 ədəd “Peugeot” markalı minik avtomobillərinin gətiriləcəyi qeyd edilib. Gəncədə illərdir mövcud olan qeydiyyatsız evlərin və ünvanların rəsmiləşdiriləcəyini də bildirib.
Hesabat yığıncağında 2011-ci ilə nisbətən 2012-ci il ərzində ümumi müraciətlərin 11%, şikayət xarakterli məktubların sayının isə 18% azaldığı qeyd olunub. Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev vətəndaşların müəyyən olunmuş qrafikə uyğun qəbulu, onların müraciətlərinə - təklif, ərizə və şikayətlərinə baxılmasının və haqlı tələblərinin qanunvericiliyə uyğun həll edilməsinin təmin edilməsi üçün aidiyyatı orqanlara tapşırıqlarını verib.