Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Gəncədə işgüzar səfərdədir

15 aprel 2015 | 15:00

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta respublikamızın qərb bölgəsi ilə tanışlıq məqsədilə aprelin 14-də Gəncəyə gəlib.

Səfər çərçivəsində Gəncənin bir sıra mədəniyyət və tarixi abidələri ilə yaxından tanış olan səfir aprelin 15-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonağı salamlayaraq Gəncə və onun iqtisadi potensialı, eləcə də tarixi  haqqında ətraflı məlumat verib. Gəncənin dünya mədəniyyətinə Nizami Gəncəvi və Məhsəti Gəncəvi kimi korifeylər bəxş etdiyini diqqətə çatdıran icra başçısı qeyd edib ki, hazırda şəhər öz tarixi keçmişini qorumaqla müasirləşir. Şəhər iqtisadiyyatı gündən-günə yüksəldikcə, abadlıq və quruculuq işlərinin həcmi də genişlənir. İcra başçısı bildirib ki, Gəncədə metallurgiya kompleksi yaradılır. Ötən ilin oktyabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə «Stadler» vaqon istehsalı zavodunun təməli qoyulub.Gəncə Avtomobil Zavodunda yığılan ilk «KamAZ» markalı avtomobil konveyerdən çıxıb.

İcra başçısı onu da vurğulayıb ki, Gəncə həm də gənclər şəhəridir. Ölkədə gənclər siyasəti sahəsində aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı seçilib.

Səfir Robert Sekuta çıxışında bildirib ki, yaşıllıqlara bürünən füsunkar və gözəl Gəncəyə səfərindən məmnundur.Azərbaycanla ABŞ arasında birgə əməkdaşlıq münasibətləri, sıx əlaqələr ölkəmizin inkişafına öz töhfələrini verəcək,xalqlarımız arasında yaranan dostluq və həmrəylik münasibətlərini möhkəmləndirəcəkdir.

Görüşün sonunda amerikalı diplomata xatirə hədiyyələri təqdim olunub.

 

 

 

Keçidlər