Mir Cəlal Paşayevin anadan olmasının 107 illiyi qeyd edilib
Ömrünü ədəbiyyatımızın, elmimizin inkişafına həsr edən görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 107-ci ildönümü münasibətilə ədibin ev muzeyində təntənəli mərasim keçirilib. Təntənəli mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri, professor İbrahim Quliyev, şəhər ziyalıları iştirak ediblər.
Mərasim hər kəsi duyğulandıran, onu Mir Cəlal dünyasına səyahət etməyə vadar edən bir tamaşa ilə başladı. Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Mir Cəlal Paşayevin əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiya görkəmli yazıçının ədəbi qəhrəmanlarını bir daha öz müsbət keyfiyyətləri ilə təqdim etdi, obrazların dili ilə mərasim iştirakçılarına ən xoş arzular çatdırıldı.
Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hər il yazıçının ev muzeyində keçirilən anım günlərini gəncəlilərin ədibə olan böyük məhəbbətlərinin timsalı olduğunu qeyd etdi. İcra başçısı yazıçının həyatının böyük bir hissəsinin Gəncə ədəbi mühiti ilə bağlı olduğunu vurğulayaraq Mir Cəlal Paşayevin mahir hekayə ustası olduğunu bildirdi və bu janrın inkişafında onun xidmətlərinin müstəsnalığını vurğuladı.
İcra başçısı dedi ki, Mir Cəlalın romanları 1930-1970-ci illərin tənqidi və ədəbi prosesini öyrənmək baxımından zəngin material verir. Həmçinin qeyd etdi ki, Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutur. Tam əminliklə demək olar ki, təkcə «Bir gəncin manifesti» əsərinə görə Mir Cəlal Paşayev klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. İllər keçsə də, Mir Cəlal insanların xatirində görkəmli nasir, ədəbiyyatşünas alim, nümunəvi ailə başçısı, xeyirxah və nəcib bir insan kimi daim yaşayacaqdır.
Elmar Vəliyev ədibin xatirəsinə hörmət və ehtiram ifadəsi olaraq, Gəncədə Mir Cəlal Paşayev adına muzey, məktəb fəaliyyət göstərdiyini, şəhərin görkəmli və abad küçələrindən birinə onun adı verildiyini qeyd edib.
Mərasimdə iştirak edən Milli Aviasiya Akademiyasının professoru İbrahim Quliyev Gəncədə gördüyü böyük quruculuq işlərindən ürəkdolusu danışıb. Bildirib ki, hər dəfə gələndə bu qədim şəhərdə möhtəşəmliyin şahidi olub. Əlbəttə, bütün bunlar Prezident cənab İlham Əliyevin diqqət və qayğısının, şəhər rəhbərliyinin fədakar əməyinin bəhrəsidir. Bu gün Gəncədə Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasının 107 illiyinin keçirilməsi çox təqdirəlayiqdir. O, fitri istedada malik alim, səmimi insan idi. Onun varisləri, bu nurlu ocağın layiqli davamçıları, ədibin bütün ailə üzvləri Mir Cəlal Paşayevin xatirəsini hər zaman əziz tutduqları üçün gəncəlilərə dərin hörmət, ehtiram bəsləyirlər.
Təntənəli mərasim Gəncə Dövlət Kamera Orkestrinin ifasında musiqi proqramı ilə başa çatıb.