Müraciətlər həllini tapır
Həyat daim inkişafdadır. Dünənəcən məqbul sayılan yaşayış şərtləri bu günün sürətli tərəqqisi ilə ayaqlaşmır. Hər kəs yaşayışını yüksək səviyyədə qurmağa çalışır. Qarşıya çıxan problemlərin həlli üçün çətinliklər yarananda isə şəhər rəhbərliyinə üz tuturlar. Vətəndaşlar əmindirlər ki, onların arzularının reallaşması çox qısa çəkəcəkdir. Çünki Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qaldırılan məsələnin həlli üçün verdiyi tapşırıqların icrasını sonunadək izləyir.
Bu gün Gəncədə qazanılan uğurların, tərəqqinin və inkişafın mərkəzində insan amili dayanır. Sakinlərin həyat səviyyəsinin yüksəldilməsi, qayğıları şəhər rəhbərliyi tərəfindən diqqətdə saxlanılır. Belə ki, yerli İcra Hakimiyyətinə ünvanlanan müraciətlər ətraflı şəkildə araşdırılır, müsbət həllini tapır, əsassız sayılanlar barədə vətəndaşlara müvafiq izahatlar verilir.
Müraciətlərin mövzular üzrə təhlili göstərir ki, 2015-ci ilin birinci rübündə özündən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ayrı-ayrı mövzular üzrə, o cümlədən, birdəfəlik maddi yardım, məişət, mənzil, enerji, qaz və su təchizatı məsələlərinin həlli ilə bağlı müraciətlərin sayı artsa da təhsil, elm, mədəniyyət, turizm, əhalinin sosial müdafiəsi, nəqliyyat, sahibkarlığın inkişafı, iqtisadi məsələlər, mənzil, torpaq və tikinti üzrə müraciətlərin sayı azalmışdır. Əlbəttə, bütün bunlar vətəndaşların fikirlərini sərbəst ifadə etməsi, onların diqqət və qayğı ilə dinlənilməsi, həlli mümkün olan məsələlər barədə yerindəcə dərhal qərar çıxarılaraq lazımi tapşırıqlar verilməsi ilə müşayiət olunur.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin keçirdiyi növbəti qəbula sakinlər yenə böyük inam və güvənlə gəlmişdilər.
Qarabağ əlili Osman Hacıyev və şəhər sakini Səidə Axundovanın maddi yardım üçün etdikləri müraciət həllini tapdı. Tofiq Cəfərov və Natiq Qasımovun müraciətləri isə sağlamlıqları ilə bağlı idi. İcra Başçısının tapşırığı ilə onların arzusu yerinə yetirildi.
Əhalinin işlə təmin olunması bu gün ən inkişaf etmiş dövlətlərin belə tamamilə aradan qaldırması mümkün olmayan bir məsələdir. İcra başçısının qəbul günlərində bu qəbildən olan müraciətlərin həlli üçün şəhər Məşğulluq mərkəzində olan vakant yerlər barədə məlumat verilir. Elə ona görə də bu mövzuda müraciət edən Azər Kərimovun arzusu reallaşdı.
İcra başçısının qəbul günündə iştirak edənlərin arasında ötən qəbul zamanı etdikləri müraciətlərin müsbət nəticəsi üçün minnətdarlıq bildirmək istəyən şəhər sakinləri də vardı. Nəriman Rüstəmov icra başçısının qəbuluna elə bu məqsədlə gəlmişdi. Müalicədən sonra sağlamlığı bərpa olunduğu üçün razılığını bildirdi, ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlığını ifadə etdi.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qəbul gününə müraciət edən 100-ə yaxın şəhər sakininin böyük əksəriyyətinin istəkləri müsbət həllini tapdı. Su, işıq və qazla bağlı müraciətlərin həlli üçün də müvafiq idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verildi.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin növbəti qəbul günü yenə də bir çoxlarının həyatına yüngüllük gətirdi. Odur ki, sakinlər qəbul gününü böyük razılıqla tərk etdilər.