Nəqliyyat Departamentinin əməkdaşları və sürücülərlə görüş keçirilib
Gəncə şəhər İcra Hakimiyyəti aparatının rəhbərliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinin əməkdaşları və ictimai nəqliyyat vasitələrinin sürücüləri ilə görüş keçirib. Tədbirdə şəhərdə nəqliyyat sektorunda mövcud çatışmazlıqlar ətrafında müzakirələr aparılıb.
Tədbirə səbəb sakinlərin ictimai nəqliyyatda mövcud neqativ hallardan narazılıqları olub. Görüşdə nəqliyyat sisteminin yenilənməsi üçün görülən işlər və mövcud çatışmazlıqlardan söz açılıb. Şəhər nəqliyyatında nizam-intizamın artırılması, sərnişin daşıyan avtobusların işləmə qrafiki, dayanacaqlardan düzgün istifadə kimi məsələlər önə çəkilib. Çatışmazlıqların aradan qaldırılması üçün aidiyyatı qurumlara tapşırıqlar verilib.
Görüşdə nəqliyyatda sürücülərin qeyri-etik davranışı, avtobusların salonlarında antisanitariya kimi halların sakinlərin narazılıqlarına səbəb olması vurğulanıb.
Şəhər rəhbərliyi sürücülər üçün vahid formanın verilməsi, onların xüsusi İD kartlarla təmin olunması, həmçinin sürücülərin qanunsuz park etmə, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitələrini idarə etmək kimi halların aradan qaldırılması üçün tapşırıqlar verib. Tədbir iştirakçıları nəqliyyat sektorunda təkmilləşmənin labüdlüyünü vurğulayıb və bununla bağlı rəhbərliyə öz təkliflərini irəli sürüb. Qeyd edək ki, şəhərdə 33 marşrut üzrə avtobuslar gündəlik 25000-ə yaxın sərnişinə xidmət edir. Ümumilikdə şəhərdə 62 ədəd müasir tipli “Hyundai” markalı avtobus fəaliyyət göstərir ki, onlardan 47-si keçən il, 15-i isə bu ilin yanvarında istifadəyə verilib. Şəhərlərarası nəqliyyatda sakinlərin rahatlığını təmin etmək məqsədi ilə, müasir tipli avtovağzalın da tikintisi davam edir.
Görüşün sonunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev jurnalistlərin suallarının cavablandırıb.
Elmar Vəliyev- Gəncə şəhər İcra Hakimiyyətinin başçısı: “Bu gün görüş təşkil olundu ki, marşrutlar dəqiq işləsin, nizam-intizam bərpa olunsun. Onların işləmə qrafikində, yol-hərəkət qaydalarına riayət etmələrində ciddi qayda yaradılsın."