Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər Təhsil İdarəsinin konfransı keçirilib

10 sentyabr 2015 | 15:00

 Gəncə şəhər Təhsil İdarəsinin  konfransı keçirilib

Gəncə müəllimlərinin 2014-2015-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmiş ənənəvi sentyabr konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə şəhərin baş meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar. Daha sonra konfrans öz işinə başlayıb.
Ötən tədris ilində şəhər təhsilində qazanılan uğurlardan bəhs edən videoçarx nümayiş olunub. Gəncə şəhər təhsil idarəsinin rəisi Zakir Hüseynov 2014-2015-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edərək deyib ki, son 4 ildə şəhərdə 35 orta məktəb əsaslı şəkildə təmir edilərək, pedaqoji kollektivlərin ixtiyarına verilib. Ümümtəhsil ocaqlarından 4, 26 və 40 nömrəli orta məktəblər keçən il təmir edilib. Şəhər təhsil idarəsinin yeni inzibati binası təhvil verilib. Hazırda 14, 41 və 44 nömrəli məktəblərdə əsaslı təmir işləri sürətlə davam etdirilir. 39 nömrəli tam orta məktəbdə 1.200 şagird yerlik yeni tədris korpusunun inşasında isə son tamamlama işləri aparılır. Məruzəçi qeyd edib ki, 2014-2015-ci tədris ilində XI sinfi bitirən 2.478 şagirdin hər biri tam orta təhsil haqqında attestat, doqquzuncu sinfi bitirən 2.861 şagirdin hər biri isə ümumi orta təhsil haqqında şəhadətnamə alıb. Həmin şagirdlərdən iki nəfəri qızıl medala, bir nəfər isə gümüş medala layiq görülüb. Sevindirici haldır ki, Gəncə məzunları respublikamızın ali və orta ixtisas məktəblərinə keçirilən test imtahanlarında da yüksək göstəricilərə nail olublar. Ali məktəblərə daxil olmaq üçün sənəd verən 1.850 nəfər məzundan 935 nəfəri, yəni 50,54 faizi tələbə adını alıb. 220 nəfər 500-dən yuxarı, 74 nəfəri 600-dən yuxarı, 31 nəfər 650-dən yuxarı bal toplayıb. İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin şagirdi Elçin Qasımov 700 bal toplayaraq “Qafqaz” Universitetinə daxil olub. Konfransda orta məktəb şagirdlərinin müxtəlif fənn olimpiadalarında, eləcə də mötəbər idman yarışlarında qazandıqları uğurlardan da söz açılıb. Azərbaycan Rspublikası Təhsil Problemləri İnstiutunun direktoru Qulu Novruzov Azərbaycan təhsil sistemindəki yeniliklər və qarşıda duran əsas vəzifələr barədə məlumat verib. O, kurikulumların və ümumilikdə təhsildə aparılan inkişafyönümlü addımların daha uğurla nəticələnməsində məhz yaradıcı və yenilikçi, daim axtarışda olan müəllimlərin əsas rol oynadıqlarını xüsusi qeyd edib. Natiq məktəb kurikulumlarının hazırlanması barədə də məlumat vermiş, bölgələrdə yerləşən hər bir təhsil müəssisəsinin özünün məktəb kurikulumlarının hazırlanması işinə başladığını söyləyib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfransda çıxış edərək son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. Şəhərdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərdən danışıb. Keçən tədris ilində buraxılan nöqsanların aradan qaldırılması üçün tapşırıq və tövsiyyələrini verib. Qazanılan uğurlara görə pedaqoji kollektivləri təbrik edərək, onlara yeni dərs ilində uğurlar arzulayıb.
Konfransın sonunda yüksək balla ali məktəblərə daxil olan gənclər bir daha təbrik edilib. Onlara hədiyyələr təqdim olunaraq təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzu edilib.

Keçidlər