Gəncədə Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünun açılışı əsl incəsənət bayramına çevrilib
Gəncədə Azərbaycan milli peşəkar teatrının 143-cü
mövsümünun açılışı əsl incəsənət bayramına çevrilib
Açılış mərasimi Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin, tanınmış incəsənət xadimlərinin, Azərbaycanda fəaliyyət göstərən teatrların rəhbərlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı. Ulu öndərin xatirəsi ehtiramla yad edildi, abidə önünə gül dəstələri qoyuldu. Sonra mərasim iştirakçıları şəhərdəki tarixi abidələrə - Çökək hamam, Şah Abbas məscidi və Cavad xan türbəsinə baxdılar.
Bayram tədbiri Cavad xanın adını daşıyan küçədə davam etdirildi. Gəncə Dövlət Dram Teatrının aktyorları görkəmli Azərbaycan dramaturqlarının əsərlərindən parçalar nümayiş etdirdilər. Tədbir iştirakçıları musiqi sədaları altında küçə boyu nümayiş etdirilən qədim el sənətkarlığı nümunələrinə maraqla baxdılar. Məktəblilərin ifasında səslənən şeirlər, mahnılar hərarətlə qarşılandı.
Məhsəti Gəncəvi Mərkəzinin qarşısında təşkil olunmuş ədəbi-bədii kompozisiya da iştirakçılar tərəfindən maraqla qarşılandı. Burada dünya mədəniyyəti xəzinəsinə əvəzsiz incilər bəxş etmiş Gəncənin şair və yazıçılarının, o cümlədən Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Nigar Rəfibəylinin obrazları canlandırıldı. Xalq artisti Şahnaz Haşımovanın ifa etdiyi mahnılar tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Sonra Məhsəti Gəncəvi Mərkəzi ilə tanışlıq oldu. Nazir Əbülfəs Qarayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, eləcə də tanınmış teatr və incəsənət xadimləri mərkəzi gəzərək, burada yaradılan şəraitlə tanış oldular, gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxdılar. “Göygöl” dövlət mahnı və rəqs ansamblının dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli önündə təqdim etdiyi konsert proqramı da maraqla qarşılandı.
Yeni teatr mövsümünün açılışı Gəncə Dövlət Kukla Teatrı kollektivi üçün ikiqat bayrama çevrildi. Sentyabrın 14-də teatr binasının əsaslı təmirdən sonra açılışı oldu. Aktyorlar binanın qarşısında müxtəlif uşaq tamaşalarından səhnəciklər nümayiş etdirdilər. Tədbir iştirakçıları teatr binasında yaradılan şəraitlə tanış oldular.
Həmin gün axşam Gəncə Dövlət Dram Teatrında 143-cü teatr mövsümünün açılış mərasimi keçirildi.
Bu münasibətlə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında tanınmış incəsənət xadimlərinin, respublikada fəaliyyət göstərən teatrların rəhbərlərinin iştirakı ilə keçirilən mərasimi giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, gündən-günə inkişaf edən bu qədim şəhərdə görülən işlərdən danışdı. Vurğuladı ki, şəhərdə aparılan yenidənqurma işləri çərçivəsində maddi-mədəni abidələrə ikinci həyat verilməsi, eləcə də yeni mədəniyyət obyektlərinin yaradılması daim diqqət mərkəzində saxlanılır. Xüsusilə son üç ildə şəhərdə ən müasir mədəniyyət ocaqları istifadəyə verilib ki, bu da mötəbər tədbirlərin keçirilməsinə imkan yaradıb. Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün Gəncədə açılmasını şəhərin mədəni həyatında əlamətdar hadisə adlandıran Elmar Vəliyev bu münasibətlə teatr işçilərini, həmçinin teatrsevərləri təbrik etdi.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək müstəqillik illərində mədəniyyətimizin inkişafı sahəsində qazanılan uğurlardan, ümummilli lider Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə göstərdiyi diqqət və qayğıdan söhbət açdı. “Mövcud teatr binalarının təmiri, yenilərinin inşası, teatrların maddi-texniki bazasının gücləndirilməsi onu deməyə əsas verir ki, Azərbaycan teatrının sabahı daha işıqlı olacaq və xalq teatrlardan istədiyini ala biləcək” - deyə nazir vurğuladı.
Sonra Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşası ilə yeni mövsümə start verildi. Teatrın baş rejissoru İradə Gözəlovanın quruluşu əsasında hazırlanmış tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, Ramiz Vəliyev, Faiq Qasımov və başqaları ifa edirdilər.