Gəncədə “Neonatologiyanın son nailiyyətləri” mövzusunda beynəlxalq konfran keçirilir
Gəncədə “Neonatologiyanın son nailiyyətləri” mövzusunda beynəlxalq konfran keçirilir
Bu gün Gəncədəki Heydər Əliyev Mərkəzində “Neonatologiyanın son nailiyyətləri” mövzusunda iki günlük beynəlxalq konfrans öz işinə başlayıb. Azərbaycanın tanınmış həkimləri ilə yanaşı, Türkiyənin EGE Universitetinin professor və müəllimlərinin də iştirak etdiyi konfransdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Azərbaycanın şəhər və rayonlarında bu sahədə çalışan aparıcı həkimlərin iştirak etdiyi konfransı Gəncə şəhər səhiyyə idarəsinin rəisi, tibb elmləri doktoru, professor Əlikram Məmmədov açaraq neonatologiya sahəsində çalışan aparıcı mütəxəssislərin əldə etdikləri son nailiyyətlərə, qarşıda duran aktual problemlərin həllinə həsr edilmiş belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini şəhər sakinləri üçün əlamətdar hadisə adlandırıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev son illər Azərbaycan səhiyyəsində aparılan islahatlardan, bu islahatlar nəticəsində qazanılan uğurlardan danışaraq diqqətə çatdırıb ki, ölkə başçısının insanların can sağlığının qorunması istiqamətində verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Gəncədə də bir sıra işlər həyata keçirirlib. Yeni və ən müasir tələblərə cavab verən səhiyyə ocaqları yaradılıb, köhnələr isə əsaslı şəkildə yenidən qurulub. Artıq demək olar ki, insanlar əlavə xərc çəkmədən yaşadıqları şəhərdə yüksək səviyyəli səhiyyə xidmətindən istifadə edirlər.
Sonra Azərbaycanda tanınmış pediatr, tibb elmləri doktoru İbrahim İsayevin, Türkiyənin EGE Universitetinin tibb fakültəsinin professoru Mehmet Yalazın, dosent doktor Özge Altun Köroğlunun, uzman doktor Cəmalə Məmmədovanın və digər mütəxəssislərin məruzələri dinlənilib. Konfransda yenidoğulmuşların orqanizmində müşahidə edilən xəstəliklərin və onun müalicəsindəki təcrübələrin, bu sahədə elmi araşdırmaların nəticələri ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq konfrans sentyabrın 20-də öz işini davam etdirəcək.