Latviya Respublikasının Riqa şəhər Dumasının vitse-merinin rəhbərlik etdiyi nümayəndə heyəti şəhərimizdədir
Latviya Respublikasının Riqa şəhər Dumasının
vitse-merinin rəhbərlik etdiyi nümayəndə
heyəti şəhərimizdədir
Latviya Respublikasının paytaxtı Riqa şəhər Dumasının vitse-meri, Riqa Portunun rəhbəri Andris Ameriks başda olmaqla bir qrup nümayəndə heyəti şəhərimizə gəlib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları səmimi qarşılayaraq, onları bu qədim şəhərdə görməyindən məmnun olduğunu bildirmiş və müstəqillik əldə etdikdən sonra respublikamızın digər bölgələrində olduğu kimi, Gəncədə də böyük abadlıq və quruculuq işləri getdiyini diqqətə çatdırıb. Şəhərin iqtisadi uğurlarından danışan Elmar Vəliyev deyib ki, hazırda iqtisadiyyatın bir çox sahələri kimi maşınqayırma sənayesi də inkişaf etməkdədir. Hər il Gəncə Avtomobil Zavodunda yüzlərlə müxtəlif markalı maşınlar, traktorlar və kənd təsərrüfatı texnikası istehsal edilir.
Sonra Latviyann paytaxtı Riqa şəhər Dumasının vitse-meri Andris Ameriks çıxış edərək 2012-ci ildə Bakının Suraxanı Rayon İcra Hakimiyyəti ilə Latviyanın Riqa şəhəri arasında əməkdaşlıq haqqında bağlanmış müqavilənin əhəmiyyətindən danışıb və belə bir əlaqənin Azərbaycanda ikinci böyük şəhər olan Gəncə ilə də qurmağın hər iki tərəf üçün səmərəli olacağına əminlik ifadə edib.
Görüşdə turizm imkanlarının genişləndirilməsi istiqamətində aparılan fikir mübadiləsindən sonra qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Latviyanın Riqa şəhər Dumasının vitse-meri Andris Ameriksin rəhbərlik etdiyi nümayəndə heyəti iki günlük səfər çərçivəsində Gəncənin maddi-mədəniyyət abidələri, eləcə də görməli yerləri ilə yaxından tanış olacaq.