Gəncədə Beynəlxalq Müəllimlər Günü təntənə ilə qeyd edilib
Gəncədə Beynəlxalq Müəllimlər Günü
təntənə ilə qeyd edilib
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Gəncədə təntənəli mərasim keçirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mərasimi açaraq müəllimləri təbrik edib, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu qeyd edib. Elmar Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışaraq son 4 ildə Gəncədə təhsil sistemində qazanılan uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.
İcra Hakimiyyətinin başçısı cari təhsil ilində 1984 nəfər abituriyentin 1039 nəfərinin, yəni 52,36 faizinin ali və orta ixtisas məktəblərinə qəbul olunduğunu vurğulayıb. 39 nəfər isə xüsusi təyinatlı məktəblərdə oxumaq hüququ qazanıb. Ali məktəblərə qəbul olunanların 220 nəfəri 500-dən yuxarı bal toplayıb. 1 nömrəli tam orta məktəbin şagirdi Elçin Qasımov ən yüksək, yəni 700 bal toplayıbdır.
İcra başçısı təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Qeyd edib ki, göstərilən qayğının nəticəsi olaraq son illər Gəncədə 35-dən artıq məktəb tamamilə yenidən qurulub müəllim və şagirdlərin ixtiyarına verilib.
Tədbirdə çıxış edən müəllimlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.
Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə şəhərin bir qrup qabaqcıl təhsil işçisinə qiymətli hədiyyələr təqdim olunub.