Gəncədə keçirilən VIII Beynəlxalq Atatürk konfransında tarixi saxtalaşdıranlara tutarlı dəlillərlə cavab verildi
Gəncədə keçirilən VIII Beynəlxalq Atatürkkonfransında tarixi saxtalaşdıranlara
tutarlı dəlillərlə cavab verildi
Oktyabrın 13-də Gəncədəki Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin (ATAM) birgə təşkilatçılığı, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Azərbaycan və Türkiyə Respublikalarının Müstəqillik günlərinə həsr olunmuş dünya tarixçilərinin VIII Beynəlxalq Atatürk konfransı öz işinə başlayıb.
Konfrans iştirakçıları əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Azərbaycan və region ölkələrinin XIX-XX əsrlər tarixinin aktual problemlərinin müzakirə olunacağı konfransı giriş sözü ilə AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin üzvü Yaqub Mahmudov açaraq VIII Beynəlxalq Atatürk konfransını himayəyə götürən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana konfrans istirakçıları adından minnətdarlığını bildirib. Belə bir mötəbər tədbirin Gəncədə keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdıran Yaqub Mahmudov qeyd edib ki, bəşəriyyətə dahi Nizami Gəncəvini bəxş edən bu qədim şəhər, həm də milli azadlıq hərəkatının, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin beşiyidir.
Sonra Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib. Bu yaxınlarda qardaş Türkiyə Respublikasında törədilən terror hadisəsi nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Millətlərarası Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Prezident İlham Əliyevin VIII Beynəlxalq Atatürk konfransına təbrik məktubunu oxuduqdan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfrans iştirakçılarını salamlayaraq belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini tarixi hadisə adlandırıb və vurğulayıb ki, bu şəhər artıq beynəlxalq tədbirlərin keçirilməsində müsbət təcrübə qazanıb. Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin, Madrid Klubunun yığıncaqları, Gənclərin beynəlxalq festivalları bu qəbildəndir. Elmar Vəliyev Türkiyə ilə Azərbaycan arasındakı dostluq əlaqələrindən danışarkən ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» kəlamını dilə gətirib, Atatürkün söylədiyi: «Bir zaman gələcək sovetlər birliyi dağılacaq və biz dini və dili bir qardaşlarımıza sahib çıxmalıyıq» sözlərinin də bu xalqların biri-birinə yaxınlığından, doğmalığından xəbər verdiyini vurğulayıb.
Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Bolqarıstan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Hindistan, Serbiya, İtaliya və sair ölkələrdən gəlmiş 130-dan artıq nümayəndənin iştirak etdiyi konfransda üç gün ərzində 90-dək elmi məruzənin dinləniləcəyi diqqətə çatdırılıb.
Konfransda Türkiyənin Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Ali Beyhan, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsinin başqanı Derya Örs, Türkiyənin Gəncədəki Baş konsulu Orhan İşıq və başqaları çıxış edərək qeyd ediblər ki, təhrif olunmuş tarix xalqları həmişə üz-üzə qoyub. Bu baxımdan VIII Beynəlxalq Atatürk konfransında söylənəcək fikirlər tarixi saxtalaşdıranlara tutarlı cavab olacaq.
Konfransda ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, erməni faşizminin xalqımıza qarşı törətdiyi soyqırımı siyasəti, ermənilərin heç bir tarixi mənbəyə söykənmədən Dağlıq Qarabağı özününküləşdirməsi, eləcə də ona yaxın əraziləri işğal etməsi iştirakçılar tərəfindən pislənərək, bu qanlı olaylara himayədarlıq edən güc dövlətlərinə tutarlı faktlarla cavab verilib. Diqqətə çatdırılıb ki, son vaxtlar müsəlman ölkələrində törədilən qanlı hadisələr yüz illər öncə həyata keçirilən məkrli siyasətin məntiqi davamıdır.
20-ci əsrin əvvəllərindən türklərə qarşı başlanan soyqırımının qarşısının alınmasında əsl qardaşlıq köməyi göstərmiş Qafqaz İslam Ordusunun xidmətlərindən danışan natiqlər onu da əlavə ediblər ki, azərbaycanlılara və türklərə qarşı aparılan soyqırımı siyasəti indi də davam etməkdədir. Sözsüz ki, bu gün müsəlman dünyasına qarşı edilən ədalətsizliklər, ancaq super dövlətlərin milli maraqlarına xidmət edir. Gülüstan, Türkmənçay müqavilələrindən başlanan qanlı olaylar Dağlıq Qarabağın işğalı ilə nəticələndi və 1 milyon azərbaycanlı öz ata-baba yurdundan didərgin düşdü.
Konfrans iştirakçıları tarixçi alimlərə belə bir imkan və şərait yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu qəbul etdilər.
Sonra Türkiyənin Atatürk Araşdırma Mərkəzinin başqanı Mehmet Ali Beyhanın Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutuna fəxri doktor seçilməsi elan edildi və institutun diplomu görkəmli alimə təqdim olundu. Diqqətə çatdırıldı ki, artıq AMEA-nın Tarix İnstitutu Türkiyənin Atatürk Araşdırma Mərkəzi ilə birlikdə orta türk tarixinin yazılması üçün işlərə başlayıb.
Konfransda Mehmet Ali Beyhana Gəncə xalçaçılıq məktəbinin nümunəsi olan sertifikatlı xalça təqdim edildi.
Gəncə Şəhər İcra Hakimiyyəti adından qonaqlara dahi Azərbaycan şairi Nizami Gəncəvinin nəfis şəkildə çap edilmiş “Xəmsə”si və Heydər Əliyev park-kompleksindən bəhs edən foto-albom hədiyyə olundu.
Konfrans iştirakçıları mərkəzin foyesində Azərbaycan və Türk xalqlarına qarşı törədilən soyqırımı siyasətini əks etdirən arxiv sənədlərinin surətlərindən ibarət sərgiyə də baxdılar.
Sonra konfrans öz işini plenar iclaslarda davam etdirdi.