Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Cari ilin doqquz ayının yekunları Gəncə üçün yaddaqalan və uğurlu olub

22 oktyabr 2015 | 15:00

Cari ilin doqquz ayının yekunları Gəncə
üçün yaddaqalan və uğurlu olub

Gəncə Şəhər İcra Hakimiyyətində 2015-ci ilin doqquz ayı ərzində şəhərin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Hesabat məruzəsi ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev diqqətə çatdırıb ki, əvvəllər olduğu kimi cari ilin 9 ayında da iqtisadiyyatın müxtəlif sahələri üzrə yüksək göstəricilərə nail olunub. Ölkə başçısının Gəncəyə olan diqqət və qayğısı sayəsində əvvəllər qazanılan uğurlar daha da genişləndirilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumdaxili məhsul buraxılışı 105,7 faiz və müqayisəli qiymətlərlə 35, 6 milyon manat artaraq 662,8 milyon manata çatıb.
Şəhər sənayesində 2015-ci ilin 9 ayı ərzində ümumi məhsulun 25,1 faizi sənayedə, 0,3 faizi kənd təsərrüfatında, 39,0 faizi tikintidə, 8,0 faizi nəqliyyatda, 0,5 faizi informasiya və rabitədə, 27,1 faizi ticarət və xidmət sahələrində istehsal edilib. 2015-ci ilin 9 ayı ərzində şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən  168 milyon 773 min manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib.
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə istehsal edilən mal və xidmətlərin həcmi 14,2 faiz artıb, onun ümumi daxili məhsul buraxılışında xüsusi çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq 25,1 faizədək yüksəlib. Sənaye məhsulunun 57,1 faizi özəl bölmədə istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,6 faiz çoxdur.
Şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumdaxili məhsulun formalaşmasında aparıcı sahələrdən olan tikinti kompleksinin dinamik inkişafı hesabat dövründə də davam etdirilib. 2015-ci ilin 9 ayı ərzində şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 276 milyon 785 min manatlıq vəsaitin 94,8 faizi və ya 262 milyon 531 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 0,2 faiz, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş vəsaitin həcmi isə 0,1 faiz artıb.
Görülən işlər ölkə başçısı tərəfindən də yüksək dəyərləndirilib. Dövlət başçısı Gəncəyə tarixi səfəri zamanı demişdir: “Şadam ki, qısa müddət ərzində Gəncədə çox böyük quruculuq işləri aparılıb. Gəncəyə daim böyük diqqət göstərilmişdir. Mən istəyirəm ki, hər bir şəhərdə belə gözəl işlər aparılsın. Bütövlükdə ölkəmizdə, hər bir yerdə çox sürətli və uğurlu inkişaf gedir”.
Yığıncaqda bildirilib ki, dövlət başçısının xeyir-duası ilə təməli qoyulmuş 1200 tamaşaçı yeri olan Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası davam etdirilir. Gəncə Dövlət Filarmoniyasının yeni binasının tikintisi isə başa çatmaq üzrədir. Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və himayəsi sayəsində orta əsr qədim memarlıq incilərindən olan “İmamzadə” tarixi-memarlıq kompleksində təmir-tikinti, bərpa və abadlıq-quruculuq işləri başa çatmaq üzrədir.
Diqqətə çatdırılıb ki, cari ilin 9 ayı bir çox yeniliklərlə yaddaqalan olub. Hacıkənd qəsəbəsində yenidənqurma işləri davam etdirilir. Əziz Əliyev, Mehmandarov, Təbriz, Kimyaçılar və digər küçələrin abadlaşdırılması və yenidən qurulması ilə əlaqədar işlər görülüb.
2015-ci ilin 9 ayı ərzində yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və bərpası, yolların genişləndirilməsi işləri davam etdirilməklə, prospekt və küçələrdə mövcud binaların fasadlarının, fərdi evlərin müasir və klassik memarlıq üslubunda yenidən üzlənməsi istiqamətində genişmiqyaslı işlər aparılıb.
Şəhərdə yaşıllaşdırma sahəsində xeyli iş görülüb. Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (İDEA) “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə kampaniyası 2015-ci ilin əvvəlindən də davam etdirilməklə, əkilən ağac və tinglərin sayı 200 minə çatdırılıb. Şəhərin müxtəlif ərazilərində 47 mindən çox ting, həmişəyaşıl ağac və bəzək kolları, 42 hektar sahədə çəmənlik (qazon) salınıb, 30 minə yaxın mövsümi gül və çiçək əkilib. Yaşıllıqların suvarılması üçün istifadə edilən 9 ədəd subartezian nasosu təmir edilərək istismara verilib, ağaclara vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilib, abadlıq və təmizlik işləri aparılıbdır. Şəhərin Gülüstan yaşayış massivində böyük şair Mirzə Şəfi Vazehin muzeyinin və mütəfəkkirin adını daşıyan parkın, Əziz Əliyev küçəsində onun adına olan parkın, eləcə də Gəncəçayın sağ sahilində yeni park-bulvarın salınması istiqamətində işlər davam etdirilib.
İcra başçısı qeyd edib ki, həmişə olduğu kimi, 9 ay ərzində də şəhər sakinlərini qayğılandıran mənzil-məişət problemlərinin həlli, yaşayış binalarında dam örtüklərinin, zirzəmilərin təmiri, lift təsərrüfatının yenidən qurulması və digər məsələlər daim diqqət mərkəzində saxlanılmaqla, bu sahədə əsaslı işlər görülüb.
Yığıncaqda əhaliyə göstərilən elektrik enerjisi, qaz, su, rabitə xidmətləri səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən işlərdən də danışılıb.
Məruzə ətrafında çıxışlardan sonra şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qarşıda duran vəzifələrlə bağlı idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verib.
Yığıncağın sonunda əminlik ifadə olunaraq bildirilib ki, ölkə başçısının qarşıya qoyduğu tapşırıq və tövsiyələrin bundan sonra da uğurla yerinə yetirilməsi üçün gəncəlilər bütün qüvvələri səfərbərliyə alaraq, ölkəmizin inkişafına töhfələr verəcəklər.

Keçidlər