Gəncədə ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı ümümşəhər tədbiri keçirilib
Gəncədə ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı ümümşəhər tədbiri keçirilib
Anım tədbirinə başlamazdan öncə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və yığıncaq iştirakçıları tərəfindən Ulu Öndərin abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub. Daha sonra "Böyük ömrün anları" adlı filmə tamaşa olunub. Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən danışıb. Ümumilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda elmin inkişaf mərhələləri və uğurlu nəticələrindən bəhs edib. Fuad Əliyev xatırladıb ki, Heydər Əliyevin elmə və elm adamlarına diqqəti unudulmayacaq.
Millət vəkilləri Pərvin Kərimzadə, Naqif Həmzəyev, GDU-nun ümumi tarix kafedrasının müdiri Vüsalə Veysəlova Ulu Öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi və siyasi inkişafındakı əvəzsiz rolundan danışıblar. Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi ürəklərdə daim yaşayacaq. Azərbaycan xalqı hər zaman liderini dərin hörmət və ehtiramla yad edəcək.
ADAU-nun rektoru İbrahim Cəfərov Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda aqrar sahənin inkişaf mərhələlərindən söz açıb. Rektor bildirib ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin fəaliyyətində aqrar siyasət də özünəməxsus yer tutmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında”, “Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi haqqında tarixi qərarlar qəbul olunub.
Xalq artisi Şahnaz Haşımova isə Heydər Əliyevlə bağlı xatirələrindən söz açıb. Şahnaz Haşımova vurğulayıb ki, Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında xatırladıb ki, Azərbaycan xalqının tərəqqisi, sosial-iqtisadi, elmi-mədəni inkişafı, müstəqilliyimizin qorunub saxlanılması, ölkə daxilində ictimai-siyasi sabitliyin yaradılması, demokratik təsisatların bərqərar edilməsi, gənc və müstəqil dövlətimizin beynəlxalq aləmdə layiqli yer tutması, onun regional mərkəzə çevrilməsi kimi digər yüzlərlə tarixi əhəmiyyətli proseslər müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır.
İcra başçısı bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə də həyata keçirilən tədbirlər bir tərəfdən ölkədə siyasi hərc-mərcliyin, anarxiyanın, vətəndaş qarşıdurmasının, sosial narazılıqların, mənəvi aşınmanın, ərazi işğalının qarşısını almaqla yanaşı, başqa bir tərəfdən dövlət institutlarının yaradılması, onların fəaliyyəti, mexanizmlərinin bərpa edilməsi, demokratik təsisatların formalaşdırılması, mədəni-humanitar dəyərlərin, mənəvi meyarların, milli özünüdərkin bərpası, eyni zamanda, maddi-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadi dirçəlişin təməlinin qoyulması ilə müşahidə edilmişdir.
Elmar Vəliyev qeyd edib ki, Azərbaycan xalqı qarşısında Heydər Əliyevin xidmətləri misilsizdir. Bu xidmətlərin analoqu yoxdur. Bu gün Azərbaycan dövlətinin qazandığı uğurların təməli hələ ulu öndərin sağlığında onun apardığı daxili və xarici siyasət əsasında qoyulub. İcra başçısıs onu da vurğulayıb ki, bu gün Ümumilli Lider Heydər Əliyevin siyasi kursu dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan günü-gündən inkişaf edir.