Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

“Gəncə Avropa Gənclər Paytaxtı -2016”nın simvolik “Açar”ı Gəncə şəhərinə gətirilib

18 dekabr 2015 | 16:00

Gəncə Avropa Gənclər Paytaxtı -2016”nın simvolik “Açar”ı Gəncə şəhərinə gətirilib

“Avropa Gənclər Paytaxtı 2016” nın simvolik “Açar”ı ötən gün Gəncəyə təqdim olunub. Bu münasibətlə “Gəncə Avropa Gənclər Paytaxtı-2016 ” İctimai Birliyinin sədri Elmir Vəliyev, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov Rumıniyanın Kluj Napoka şəhərində simvolik “Açar” ın təqdimat mərasimində iştirak ediblər. Mərasimdə öncə Gəncəni təmsil edən nümayəndə heyətini Kluj Napoka şəhərinin meri Emil Bok qəbul edib.
Qəbul zamanı nümayəndə heyəti layihəni uğurla başa vurduğu üçün Emil Boka öz təbriklərini çatdırıb. Öz növbəsində Emil Bok 2015-ci il ərzində "Avropa Gənclər Paytaxtı" titulu altında fəaliyyətlər barədə məlumat verib və gələcək əməkdaşlıq müzakirə edilib. Daha sonra “Avropa Gənclər Paytaxtı 2016” nın simvolik “Açar”ı nümayəndə heyətimizə təqdim edilib. Bu gün isə simvolik "Açar" Gəncə şəhərinə gətirilib.
Simvolik "Açar"ı Gəncə şəhərinə “Gəncə Avropa Gənclər Paytaxtı-2016 ” İctimai Birliyinin sədri Elmir Vəliyev, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov gətiriblər. Gəncə Beynəlxalq Hava Limanında şəhər ictimayyətinin nümayəndələri və gənclər simvolik “Açar” ın gətirilməsini coşqu ilə qarşılayıblar.Qarşılanma mərasimində Gəncə Dövlət Dram Teatrının aktyorları Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad xan obrazlarını canlandırıblar. Musiqi və rəqs kollektivlərinin çıxışları alqışlarla qarşılanıb. Daha sonra gənclər avtobus və avtomobillərlə Gəncə şəhərinin prospekt və küçələrini dolaşaraq simvolik “Açar”ı şəhərin Baş Meydanına gətiriblər. “Gəncə Avropa Gənclər Paytaxtı-2016 ” İctimai Birliyinin sədri və üzvləri , həmçinin fəal gənclər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin  önünə gül dəstələri qoyublar. 
“Gəncə Avropa Gənclər Paytaxtı-2016 ” İctimai Birliyinin sədri Elmir Vəliyev Kluj Napoka şəhərindən simvolik “Açar”ın gətirilməsi münasibəti ilə gəncəliləri və Gəncə gənclərini təbrik edib. Bildirib ki, bu uğur Azərbaycan Prezidenti  İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir. 2016-ci ildə birliyin yerli və beynəlxalq layihələri olacaq. 
Xatırladaq ki, Avropa Gənclər Paytaxtı “Avropa Gənclər Forumu”nun həyata keçirdiyi beynəlxalq layihədir. Avropa Gənclər Forumu (AGF) Avropa ölkələrinin Milli Gənclər Şuralarının və beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarının beynəlxalq platformasıdır. “Avropa Gənclər Forumu” ilk dəfə Avropa Gənclər Paytaxtı (AGP) layihəsini 2009-cu ildə həyat keçirmişdir. Avropanın ilk seçilən gənclər paytaxtı Rotterdam (Niderland – 2009), daha sonra Turin (İtaliya – 2010), Antverp (Belçika – 2011), Braqa (Portuqaliya – 2012), Maribor (Sloveniya – 2013), Saloniki (Rumıniya – 2014) və Kluj Napoka (Rumıniya – 2015) olmuşdur.
Avropa Gənclər Paytaxtı seçilmiş hər bir şəhər həmin şəhərdə fəal gənclər fəaliyyətinin həyata keçirilməsindən, gənclərin yüksək məlumatlılıq və inkişaf səviyyəsindən xəbər verir. Gənclər paytaxtı seçilən şəhər bir il ərzində gənclər sahəsində həyata keçirdiyi proqram və layihələr haqqında məlumatı Avropa ölkələrinə nümayiş etdirmək imkanı qazanır. Avropa Gənclər Paytaxtının seçimi münsiflər heyəti vasitəsilə həyata keçirilir.
Münsiflər Avropa Gənclər Foumunun, Avropa Şurasının, Avropa İttifaqının, bir sıra beynəlxalq qurumların, Rumıniya Milli Şurasının və Kluj Napoka bələdiyyəsinin nümayəndələrindən təşkil olunub. Bu günə kimi Roterdam, Turin, Antverb, Praqa, Maribor, Saloniki və Kluj-Napoka şəhərləri Avropa Gənclər Paytaxtı adına laiq görülüb.
Gəncə şəhəri 2016-cı ildə Avropa Gəclər Paytaxtı olmaq üçün Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqəyə qoşulub. Müsabiqədə Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə yarışan Gəncə hədəfinə yaxınlaşmağa nail olub. Müsabiqənin final mərhələsinə adlayan Gəncə digər 5 şəhərlə Badajoz (İspanıya), Galvay (Şimali İrlandiya), La Laguna (İspaniya), Varna (Bolqariya) və Vilnius (Litva) şəhərləri ilə yarışmalı olub.
Qeyd edək ki, 2012-ci il üzrə Azərbaycan Gənclər Paytaxtı Gəncə şəhəri seçilib. Bu müddət ərzində şəhərdə çoxsaylı yerli və beynəlxalq tədbirlər həyata keçirilib. Gəncədə Gənclər Mərkəzi tikilməyə başlayıb.

   

Keçidlər