Gəncənin Hacıkənd qəsəbəsində 80 yerlik körpələr evi-uşaq bağçası istifadəyə
Gəncənin Hacıkənd qəsəbəsində 80 yerlik körpələr evi-uşaq bağçası istifadəyə
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimayyətinin nümayəndələri və qəsəbə sakinləri icra hakimiyyətinin tabeliyində olan 37 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər. Gəncə şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri Flora Zeynalova tədbir iştirakçılarını salamlayaraq Hacıkənd qəsəbəsinin sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edib.
Flora Zeynalova bildirib ki, 37 nömrəli körpələr evi-uşaq bağçasının ümumi sahəsi 1.260 kv metr ərazini əhatə edir. Körpələr evi-uşaq bağçası bu ərazinin 300 kv metrində inşa olunub. Bina ümumilikdə 7 otaqdan ibarətdir. Buraya müdir otağı, oyun və yataq otaqları, tibb bacısı üçün otaq, həmçinin mətbəx daxildir. Tikilinin zirzəmisində isə qazanxana və ərzaq anbarı yerləşir.
Körpələr evi-uşaq bağçasında “Mələklər” və “Göyərçinlər” adlı iki qrup fəaliyyət göstərir. Qruplardan birində körpələr, digərində isə müxtəlif yaşlı uşaqlar tərbiyə olunacaq. Uşaq bağçası dövlət vəsaiti hesabına avadanlıq və inventarlarla, müasir istilik sistemi, işıq, su və qazla təhciz olunub. Bağçada 11 nəfər tərbiyəçi və texniki işçi çalışır.
Hacıkənd qəsəbəsinin sakinləri Qalib Quliyev və Elşən Abbasov uşaq tərbiyə müəssisəsinin açılışına görə Prezident İlham Əliyevə və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlıq bildiriblər.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək şəhərdə aparılan abadlıq və quruculuq işləri çərçivəsində ümumtəhsil məktəblərinin, eləcə də məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması işlərinin davam etdiyini bildirib. Elmar Vəliyev xatırladıb ki, Gəncə şəhərində 42 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda şəhərin 8 bağçası əaslı şəkildə yenidən qurulur.
37 nömrəli körpələr evi-uşaq bağçasının açılışı münasibəti ilə kollektivi təbrik edən icra başçısı qeyd edib ki, bağçanın yaxınlığında uşaqları əylənməsi və böyüklərin istirahəti məqsədi ilə park da salınacaq. Gəncənin Hacıkənd qəsəbəsində köhnə pansionatların yerində müasir otellərin tikintisi aparılır. Bu bölgədə turizmin və yeni iş yerlərinin açılması istiqamətində layihələrin icra davam edir.
Rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olublar. Ən müasir inventarlarla təchiz edilmiş körpələr evi-uşaq bağçası iştirakçılarda xoş təəssürat oyadıb.
Bağça ilə tanışlıqdan sonra şəhərin müxtəlif uşaq bağçalarından olan fidanlar rəngarəng rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların rəqsləri tədbiri daha da yaddaqalan edib.