Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin 8 Mart təbriki

09 mart 2013 | 16:00

Əziz analar və bacılar!
Sizi, gəncəli xanımları və sizin şəxsinizdə bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bütün dövrlərdə qadınlarımız cəmiyyətin böyük dayağı olmuş, ölkəmizin qüdrətlənməsi naminə fədakarlıq etmişlər.
Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış Azərbaycan qadınlarının demokratik fikirli olması hələ orta əsrlərə gedib çıxır. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, Avropa ölkələrində qadın azadlığı məsələsindən söhbət getmədiyi bir dövrdə həmyerlimiz, ilk Azərbaycan şairəsi, şahmatçı qadını, ilk musiqiçi olan Məhsəti Gəncəvi yaradıcılığı ilə insanları heyran etmiş, orta əsrlər Azərbaycan şeirinin qüdrətli nümayəndələrindən biri olmuşdur.
Əziz qadınlar, sizin yorulmaz əməyiniz sayəsində bu gün Gəncə ictimai-siyasi, sosial-iqtisadi və elm, təhsil sahəsində nəzərə çarpacaq dərəcədə uğurlar qazanmışdır. Sizin inkişafımıza və tərəqqiyə verə biləcəyiniz töhfələr danılmazdır.
Gəncə şəhərinin elm, təhsil, səhiyyə, mədəni-maarif müəssisələrində rəhbərlik edənlərin 50 faizdən çoxu qadınlardır. Belə ki, 49 təhsil müəssisəsindən 30-nun, 32 mədəni-maarif müəssisəsindən 16-nın, 35 tibb müəssisəsindən 20-nin rəhbəri qadındır.
Nizami, Kəpəz rayon və Hacıkənd qəsəbə bələdiyyələrinin 40 üzvündən 12-si qadındır. Hüquq-mühafizə orqanlarında çalışan qadınların sayı isə xeyli dərəcədə artmışdır. Açılan yeni iş yerlərində çalışanların böyük bir qismində qadınların işləməsi isə onların sosial-iqtisadi durumlarının, məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində olmuşdur.
Onu xüsusilə vurğulamaq istəyirəm ki, cəmiyyətimizdə qadının daim artan nüfuzu və hazırki yüksək ictimai mövqeyi Azərbaycanımızın reallığıdır, müasir həyatın diqqətəlayiq hadisəsidir. Qadınlarımızın, analarımızın milli-mədəni zənginliklərimizin, ailə ocağımızın və əxlaqi-mənəvi sərvətlərimizin qorunub saxlanmasında əvəzsiz xidmətləri vardır. Gənc nəslin adət-ənənələrimizə və dövlətçilik ideallarımıza sədaqət ruhunda tərbiyəsinə diqqət yetirməklə qadınlarımız öz üzərlərinə düşən işlərin öhdəsindən ləyaqətlə gəlirlər.
Əziz qadınlar, sizin hər birinizə can sağlığı, sevinc dolu anlar və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.


Elmar VƏLİYEV,
Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı

Keçidlər