Gəncədə Cavad xanın anım mərasimi keçirilib
Gəncədə Cavad xanın anım mərasimi keçirilib
Gəncənin sonuncu xanı, Ziyadoğlular nəslinin nümayəndəsi Cavad xan gəncəlilər tərəfindən anılıb. Anım mərasimində Gəncə şəhər ziyalıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Cavad xanın türbəsi önündə düzənlənən tədbiri Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev açıq elan edərək, xalq qəhrəmanının şücaətindən danışıb.
Elnur Rzayev Cavad xanın keçdiyi həyat yolundan geniş söhbət açaraq, onun nəinki gəncəlilərin, bütün Azərbaycan xalqının qürur mənbəyi olduğunu bildirib.
AMEA-nın Gəncə bölməsinin rəhbəri Fuad Əliyev Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olduğundan danışıb. Fuad Əliyev bildirib ki, Cavad xan Gəncənin yox, bütün Azərbaycanın müstəqillik rəmzidir.
Daha sonra çıxış edən Azərbaycan Texnologiya Universitetinin dosenti Rauf Hacıyev Cavad xanın xanlığı dövründəki fəaliyyətindən geniş bəhs edib.
Çıxışlardan sonra mərasim iştiakçıları Cavad xanın türbəsini ziyarət edib.
Qəhrəmanın məzarı üzərinə gül dəstələri düzüblər.