Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Maliyyə naziriSamir Şərifov Gəncədə ictimaiyyət nümayəndələri ilə görüşüb

01 fevral 2016 | 16:00

Azərbaycan Respublikasının maliyyə naziriSamir Şərifov fevralın 1-də Gəncədə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.Toplantını giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, ictimaiyyət nümayəndələri ilə keçirilən bu görüş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn məsələlər, verilən tapşırıqlar, 2016-ci ildə görüləcək işlər, nəzərdə tutulan tədbirlər barədə şəhər ictimaiyyətini daha yaxından məlumatlandırmaq məqsədi daşıyır.

Maliyyə naziriSamir Şərifov şəhər ictimaiyyəti qarşısında çıxış edərək deyib ki, Azərbay­can Respublikası Prezidentinin Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyət dərindən təhlil edilib, yeni vəzifələr müəyyənləşdirilib. Bu vəzifələr əsasən dinamik iqtisadi inkişafın təmin edilməsi, iqtisadiyyatın qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsi, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçirilməsi, sosial təminat sahəsində məqsədyönlü işlərin görülməsindən ibarətdir.

Dövlət başçısının Gəncəyə olan qayğısını xüsusi vurğulayan Samir Şərifov bildirib ki, son illər Gəncədə böyük quruculuq işləri aparılıb, sosial infrastruktur yaxşılaşdırılıb, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, tarixi abidələrin bərpası istiqamətində xeyli iş görülüb, sənaye potensialı gücləndirilib. Azərbaycanın qüdrətli inkişafını bu gün Gəncənin timsalında da aydın görmək olar. Bu qədim şəhərdə əhalinin rifahının yüksəldilməsi daim diqqət mərkəzindədir. İqtisadi inkişaf sahəsində böyük uğurlara nail olunub. Görülən böyük işlər və nailiyyətlər insanların rifahının yüksəlməsi ilə yanaşı sahibkarlığın səmərəli fəaliyyət göstərməsi üçün də geniş imkanlar yaradıb. Gəncədə sağlam biznes mühitinin daha əlverişli olması üçün real şərait vardır.

Samir Şərifov vurğulayıb ki, Gəncənin tekstil sənayesinin inkişaf etdiriləsi, aqrar maşınqayırma müəssisələrinin yaradılması, şəhərdə iri sənaye müəssisələrinin, o cümlədən alüminium sənayesinin daha da inkişaf etdirilməsi, onun zənginləşdirilməsi isə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı üçün qarşıya qoyulan əsas vəzifələrdir.

Toplantıda çıxış edən AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Xalq artisti Şahnaz Haşımova, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov və başqaları öz təkliflərini verdilər. Gəncənin iqtisadi potensialının, mədəni həyatının inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması və digər məsələlərlə bağlı səslənən təkliflərin müvafiq qurumlar tərəfindən diqqətə alınacağı vurğulanıb.

Nazir müxtəlif sahələrlə bağlı görüş iştirakçıları tərəfindən səsləndirilən təklifləri müsbət qiymətləndirib. Gəncəlilərin ölkə iqtisadiyyatının inkişafı üçün öz səylərini əsirgəməyəcəklərinə, Azərbaycan iqtisadiyyatı qarşısında yeni çağırışların formalaşdığı bir zamanda gəncəlilərin öz işlərini yüksək templə davam etdirəcəklərinə, ölkə prezidentinin ətrafında sıx birləşərək çətinliklərin öhdəsindən layiqincə gələcəklərinə əmin olduğunu bildirib.

Görüşdə çıxış edən ictimaiyyət nümayəndələri regionlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

  

Keçidlər