Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

İlham Əliyev 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında iştirak edib

17 fevral 2016 | 16:00

Prezident İlham Əliyev “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında iştirak edib.

Uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması həyata keçirilən dövlət siyasətində əsas yerlərdən birini tutur. Bu istiqamətdə görülən mühüm tədbirlər sırasında mövcud körpələr evləri və uşaq bağçalarının əsaslı təmiri, yenilərinin inşası xüsusi yer tutur. Bununla bağlı görülən genişmiqyaslı işlər ölkənin gələcəyi olan uşaqlara diqqət və qayğıdan irəli gəlir. Gəncədəki 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmiri bu diqqətin daha bir nümunəsidir.

Binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli imkanlar var. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır.

Azərbaycan Prezidenti körpələr evi-uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, körpələr evi-uşaq bağçası 1989-cu ildə inşa edilib. Əsaslı təmir işlərinə 2014-cü ilin avqustunda başlanılıb. Binanın ümumi sahəsi 13 min, tikintialtı sahəsi isə 2 min kvadratmetrdən artıqdır. Bağçanın ərazisi hasarlanıb, yaşıllıq zolağı yaradılıb, uşaqların istirahətini mənalı təşkil etmək üçün yay çardaqları, əyləncə və oyun avadanlığı quraşdırılıb. Bina üçün su anbarı, qazanxana tikilib.

Bağçanın idman zalı, üzgüçülük hovuzu müasir səviyyədə təmir olunub. Burada qrup, yataq və soyunub-geyinmə, şahmat və tibb otaqları, oyun zalı, metodik kabinet təşkil olunub.

Diqqətə çatdırıldı ki, bağçada 9 qrupda hazırda 164 körpə var. Onlardan 64-ü “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində çalışan işçilərin övladıdır. Körpələr evi-uşaq bağçasında ingilis dilini və şahmatı dərindən öyrənmək məqsədilə əlavə dərslər tədris olunur. Bağçada tərbiyə alan uşaqların daşınması xüsusi avtobusla mühafizəçilərin nəzarəti altında həyata keçirilir. Körpələr evi-uşaq bağçasında hazırda 19 nəfər çalışır ki, onlardan doqquzu peşəkar tərbiyəçi, üçü ingilis dili, musiqi, rəsm fənlərləri üzrə müəllim, ikisi şahmat müəllimi, biri isə tibb bacısıdır.

 

Keçidlər