İlham Əliyev Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
Prezident İlham Əliyev Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib.
Ölkəmizdə qeyri-neft sektorunun prioritet sahələrindən biri də kənd təsərrüfatıdır. Bu sahədə peşəkar kadrların hazırlanmasında, uğurlu layihələrin həyata keçirilməsində Azərbaycan Dövlət Aqrar Universiteti mühüm yer tutur. İndiyədək bu ali təhsil ocağı Azərbaycan, eləcə də dünya aqrar elmi üçün yüzlərlə alim və mütəxəssis yetişdirib. Bu ali təhsil ocağı həm də ölkəmizin kənd təsərrüfatının daha da inkişaf etdirilməsində elmi tədqiqatların mühüm mərkəzi hesab olunur. Azərbaycan dövləti də bu ali təhsil ocağının professor, müəllim və tələbə heyətinə daim diqqətlə yanaşıb, onların elmi fəaliyyətlə səmərəli məşğul olmalarına, yüksək səviyyədə təhsil almalarına və sosial məsələlərinin həllinə həssaslıqla yanaşır. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının inşası bu istiqamətdə görülən işlərin tərkib hissəsidir. Yüksək zövqlə və keyfiyyətlə tikilmiş bina tələbələrin sosial məsələlərinin həlli baxımından mühüm əhəmiyyətə malikdir. Burada təhsil müddətində tələbələrin yaşaması və dərsdən sonra istirahətləri üçün bütün imkanlar var. Bu ali təhsil ocağının tələbələri də onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Onlar istər respublika, istərsə də dünya əhəmiyyətli bilik yarışmalarında ölkəmizi və təhsil aldıqları universiteti layiqincə təmsil edirlər.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının rəmzi açılışını bildirən lenti kəsdi.
Kompleks dörd korpusu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir. Əsas korpusun foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdikləri qayğını, həmçinin Gəncəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb.
Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var. Dam örtüyünün 2000 kvadratmetr sahəsi yataqxanada yaşayanların gəzintisi üçün nəzərdə tutulub. Yataqxananın elektrik enerjisi ilə təminatı üçün 1000 kilovoltluq güc transformatoru, isti və soyuq su ilə təminatı üçün qazanxana quraşdırılıb, su və yanğın hovuzları inşa edilib.
Yataqxana istiqamətində Ozan və İsmət Qayıbov küçələrində abadlıq-quruculuq işləri aparılıb, asfalt salınıb və işıqlanma ilə təchiz edilib. Yolboyu hasarlar Gəncəyə xas memarlıq üslubunda kərpiclə üzlənib.
Kompleksdə yaradılan şərait müxtəlif şəhər və rayonlardan olan tələbələrə özlərini evdəki kimi hiss etməyə imkan verəcək.