Sloveniyanın Maribor şəhərində 'Gəncə - 2016 Avropa gənclər paytaxtı' mövzusunda fotosərgi keçirilib
Azərbaycanın Sloveniyadakı diplomatik nümayəndəliyinin təşəbbüsü ilə keçirilən sərgidə 2015-ci il iyul ayının 10-dan 16-dək "Gəncə - 2016 Avropa gənclər paytaxtı” layihəsi çərçivəsində Gəncə şəhərinə səfər etmiş Avropanın müxtəlif ölkələrindən olan 14 gənc fotoqrafın 100-ə yaxın fotosu nümayiş olunub.
"Avropanın gənclər paytaxtı" layihəsi çərçivəsində Gəncə şəhərində olan avropalı fotoqraflar sərgidə qədim Nizami yurdunun zəngin mədəniyyətini müxtəlif çalarlı fotoların rəngarəng ekspozisyası ilə tərənnüm ediblər.
Sərginin açılış mərasimində Azərbaycanın Sloveniyadakı müvəqqətə işlər vəkili Azər Xudiyev çıxış edərək, Gəncə şəhərinin qədim tarixi və zəngin mədəniyyəti haqqında ətraflı məlumat verib. Ta qədimdən Gəncənin Azərbaycanın alınmaz qalası hesab olunduğunu diqqətə çatdıran diplomat son illər ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar nəticəsində Gəncə şəhərinin müasirləşdiyini, Qərblə Şərqin qədim mədəniyyətini özündə ehtiva edən tolerantlıq mərkəzinə çevrildiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin bölgədə lider dövlətə çevrildiyini diqqətə çatdıran Azər Xudiyev son illər Azərbaycanın dünyanın ən mötəbər mədəniyyət və idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. O, ötən il Gəncə şəhərinə səfər edən bir qrup avropalı fotoqrafın çəkdiyi əsrarəngiz şəkillərin Sloveniyada sərgilənməsini müsbət addım kimi qiymətləndirərək, bu xoş və nəcib təşəbbüsün iştirakçısı olan slovenyalı fotoqraf Maya Modrinyaka minnətdarlığını çatdırıb.
Tədbirdə Sloveniyanın bir sıra mədəniyyət və incəsənət xadimləri çıxış edərək, son illər Azərbaycanla Sloveniya arasında inkişaf edən dostluq və qardaşlıq əlaqələrindən bəhs ediblər. Ötən il Gəncə şəhərində olmuş gənc fotoqraflara yeni yaradıcılıq uğurları arzulayıblar. Sonra tədbirə qatılanlar avropalı gənclərin Gəncə şəhərində çəkdikləri fotokompozisiya ilə tanış olublar. Sərgidə Gəncənin qədim tarixini, zəngin mədəniyyətini, qədim abidələrini, gəncəlilərin öz milli-mənəvi dəyərlərinə dərin ehtiram və hörmətini, onların qonaqpərvərliyini, adət-ənənələrini özündə əks etdirən rəngarəng fotolar böyük maraqla qarşılanıb.
Jurnalistlərin diqqətini cəlb edən sərgi Sloveniyanın bir sıra televiziyalarında geniş işıqlandırılıb.