Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Daha bir məktəbin qırmızı lenti kəsildi

14 mart 2013 | 16:00

Yeni dərs ilindən bəri Gəncədə istifadəyə verilmiş 3, 8, 15, 22, 30, 32 və 43 nömrəli məktəblərdən sonra Mirzə Şəfi Vazeh adına 16 nömrəli məktəb də əsaslı surətdə yenidən qurulan təhsil ocaqlarının sırasında öz yerini aldı. Bu münasibətlə keçirilən təntənəli mərasimə şəhər ictimaiyyətinin nümayəndələri, müəllimlər, valideynlər, şagirdlər toplaşmışdılar.
Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Elnurə Yusifova sevincini gizlədə bilmirdi. «Belə bir məktəbdə oxumaq da, işləmək də son dərəcə böyük xoşbəxtlikdir» – deyən E.Yusifova onu da vurğuladı ki, göstərilən yüksək qayğıya təhsildə qazanılan uğurlarla cavab verəcəyik.
Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev mərasimə toplaşanları salamladı və bu gün qırmızı lenti kəsilən 16 nömrəli məktəbin kollektivini təbrik etdi. İcra Başçısı bildirdi ki, bütün təhsil ocaqları əsaslı surətdə yenidən qurulacaqdır. Bu tədris ilində daha üç məktəb əsaslı surətdə yenidən qurulduqdan sonra şagirdlərin ixtiyarına veriləcəkdir. Təhsil müəssisələrinin yenidən qurulması istiqamətində aparılan işlər təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərmişdir. Son iki ildə Gəncədə digər sahələrdə olduğu kimi, təhsildə də böyük sıçrayışlar müşahidə olunur. Belə ki, ali məktəblərə qəbul 50 faiz olmuşdur. Bu göstərici 2006-cı illə müqayisədə 24,6 faiz yüksəkdir. Məqsədimiz təhsilin inkişafına diqqət yetirmək, vətənimizə, dövlətimizə daha ləyaqətli, elmli, savadlı övladlar yetişdirməkdir. Əminik ki, qarşıya qoyulan məqsədə nail ola biləcəyik.
Sonra qırmızı lent kəsildi. Məktəbdə aparılan əsaslı quruculuq işləri, sözün həqiqi mənasında, hər kəsi heyran etdi. Mərmər sütunlar, gözəl dizayn, işıqlı-yaraşıqlı dəhlizlər və sinif otaqları, bir sözlə, hər tərəf üzə gülürdü. 1343 şagirdin təhsil alması üçün burada hər cür şərait yaradılmışdır. Məktəbdə 66 sinif otağı fəaliyyət göstərir ki, onlardan 25-i ibtidai siniflərdir. Demək olar ki, dərslər fənn kabinetlərində aparılır. İnformatika kabinetində İcra Başçısının şagirdlərlə söhbəti maraqlı oldu. İcra Başçısının fənnə aid verdiyi suallara şagirdlər böyük həvəslə cavab verdilər və yəqin ki, həmin gün onların hafizəsindən uzun zaman silinməyəcəkdir.
Çox yüksək zövqlə tərtib olunmuş iclas zalı istənilən bu təyinatdan olan iclas zalı ilə rəqabətə girə bilər. İşıqlandırma sistemi əla, səhnəsi geniş, oturacaqları gözəl və səliqəlidir. Qapalı idman zalı, açıq idman meydançası, ən müasir görkəmli bufet, tibb otağı, kitabxana, bir sözlə, hər nə varsa göz oxşayır. Bütün bunlar cənab Prezident İlham Əliyevin Gəncəyə və gəncəlilərə göstərdiyi qayğı və dəstəyin nümunəsi, Prezidentin tapşırıq və tövsiyələrini uğurla və çevik surətdə həyata keçirən şəhər rəhbərliyinin məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Hər gün bir yeniliyin, abadlıq və quruculuğun şahidi olan gəncəlilər daha bir təhsil ocağında yaradılan yüksək səviyyəli şərait üçün öz Prezidentlərinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər