Gəncədə “Xocalı faciəsi” nin 24-cü ildönümü anılıb
Gəncədə Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı yeni salınan qəsəbədə faciənin 24-cü ildönümü münasibəti ilə anım mərasimi keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, Xocalıdan və digər işğal altında olan ərazilərdən Gəncədə məskunlaşmış qaçqın və məcburi köçkün ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xocalı rayon Kosalar kənd icra nümayəndəsi Şahid Rzayev erməni faşistlərinin, Xocalıda bəşər tarixində misli görünməyən soyqırım həyata keçirdiklərindən geniş bəhs edib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirilən soyqırım erməni vəşiliyinin və amansızlığının ən bariz sübutudur.
Mərasimdə “Xocalı faciəsi” qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Onların ruhuna dualar oxunaraq Allahdan rəhmət dilənib.
Xocalı rayon Kosalar kənd sakini Kamran Məmmədov, şəhid ailəsi, faciə günü iş başında olan tibb bacısı Quliyeva Validə, döyüşçü Elmidar Əsədov erməni cəlladlarının xocalıların başına gətirdikləri müsibətlərdən danışıblar. Çıxışlarda o dəhşətli gecədə baş verənlər bir daha yada salınıb. İnsanların qarlı-şaxtalı günlərdə başlarına gətirilən müsibətlər ürək ağrısı ilə xatırlanıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bildirib ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından 24 il keçir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
İcra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı “Xocalı soyqırımı” günü kimi qəbul edib. Elmar Vəliyev vurğulayıb ki, bu gün Prezident İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyəti göz önündədir.
Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya Ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.
Anım tədbirində Kosalar kənd orta məktəbinin şagirdləri və Gəncə Dövlət Dram Teatrının aktyorları Xocalı faciəsinə həsr edilən ədəbi-bədii kampazisiya nümayiş etdiriblər. Tədbir iştirakçıları daha sonra Xocalı faciəsini əks etdirən kitablara və rəsm sərgisinə baxıblar. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Xocalı sakinləri ilə səmimi söhbət edib, onların arzu və təkliflərini dinləyib, mövcud problemlərin aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.