Gəncədə Novruz - el şənliyi böyük çoşqu ilə qeyd edilib
El şənliyində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və əcnəbi qonaqlar və iştirak edib. Novruz şənliyi “Gəncəçay” park-bulvar kompleksindən başlayıb.
Şənlik iştirakçıları xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər. Rəmzi olaraq Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavadxan gəncəliləri “Novruz bayramı” münasibəti ilə təbrik edib.
Şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifası şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb. Xalq tətbiqi sənət nümunələri, əl işlərindən ibarət sərgilərə baxış keçirilib. Qədim el adəti yada salınaraq yumurta döyüşdürülüb.
Gəncənin rəssamlıq və incəsənət məktəblərinin kollektivləri tərəfindən hazırlanmış sərgidə Novruz bayramını, yazın gəlişini əks etdirən rəsmlər nümayiş olunub. Tədbir şəhərin çadırlarla bəzədilmiş Abbaszadə və Əttarlar küçələrində davam edib. Burada möhtəşəm Novruz tonqalı çatılıb. Kosa və Keçəlin duzlu-məzəli çıxışları isə şənliyə xüsusi rəng qatıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ulu öndər Heydər Əliyevin təsəbbüsü ilə dövlət səviyyəsində qeyd edilən Novruz bayramı münasibətilə gəncəliləri təbrik edib. Onlara cansağlığı, ailə səadəti, barışıq və dostluq bayramı olan “Novruz”un Azərbaycan xalqına uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb. İcra başçısı prezident İlham Əliyev tərəfindən ölkədə, o cümlədən Gəncədə insanların xoş güzəranı naminə həyata keçirilən tədbirlərdən danışıb. Vətənimizin tərəqqisi və qüdrətlənməsi, şəhərimizin daha da çiçəklənməsi üçün şəhər sakinlərinə işlərində uğurlar arzulayıb.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbəri Mustafa Haşim Polad (Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) və İngiltərənin mayda təyin olunacaq səfiri Kerol Krofts tədbirdə çıxış edərək Azərbaycan xalqına və Gəncə sakinlərinə "Novruz bayram"ı münasibəti ilə ən xoş arzularını ünvanlayıblar. İngiltərənin mayda təyin olunacaq səfiri Kerol Kroftsa Gəncə şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xalça hədiyyə olunub.
Novruz bayramı münasibəti ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən bir qrup şəxsə fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.
Şənlikdə Gəncə Dövlət Filarmoniyasının “Göygöl” xalq çalğı alətləri ansamblı və solistlərinin ifaları, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Gəncəyə gələn Artvin rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.