“Gəncə - Avropa Gənclər Paytaxtı 2016” layihəsinə start verildi
Beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübə qazanmış və həmin tədbirlərə uğurla ev sahibliyi etmiş Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə növbəti beynəlxalq tədbirə start verdi. Gəncənin ən möhtəşəm beynəlxalq uğuru sayılan 2016-cı il üçün bu qədim və həmişəcavan şəhərin Avropanın Gənclər Paytaxtı seçilməsi çox qürurverici bir hadisədir.
«Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 fevral tarixli sərəncamını əsas tutaraq Gəncə şəhərində keçiriləcək tədbirlərin vaxtında və mütəşəkkil həyata keçirilməsini təmin etmək məqsədilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev sərəncam imzalamışdır. Sərəncama əsasən mühüm layihənin icrasını təmin etmək məqsədilə qərargah yaradılmışdır.
Martın 29-da 2016-cı il ərzində Avropa gənclərinin diqqət mərkəzində olacaq bu ulu və müasir şəhərdə ölkəmizlə bağlı həqiqətlərin qitə və dünya ictimaiyyətinə çatdırılmasını daha mütəşəkkil təşkil etmək məqsədilə qərərgah üzvlərinin və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə toplantı keçirildi və layihəyə start verildi. Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov il ərzində keçiriləcək layihələr və təşkilati məsələlərlə bağlı ətraflı məlumat verib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin «Avropanın Gənclər Paytaxtı» seçilməsini Azərbaycanı və Gəncəni təmsil etmək nöqteyi-nəzərindən çox mühüm bir hadisə olduğunu diqqətə çatdırdı. Elmar Vəliyev bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gəncənin 2016-cı ildə «Avropa Gənclər Paytaxtı» seçilməsi ilə əlaqədar imzaladığı sərəncamda aidiyyatı qurumlara tapşırıqlar verilibdir. Elmar Vəliyev xüsusi vurğulayıb ki, bu tədbirin yüksək və beynəlxalq səviyyədə keçirilməsi məhz Gəncə ictimaiyyətinin üzərinə böyük vəzifələr qoyur. İlkin tədbirlər planının hazır olduğunu bildirən şəhər rəhbəri qeyd edib ki, tədbirlər planına uyğun olaraq işlərə artıq start verilib.
Daha sonra tədbirin daha uğurlu təşkili üçün fikir mübadiləsi aparıldı, gənclər və ictimaiyyətin nümayəndələri tərəfindən irəli sürülən təkliflər müzakirə olundu. Çıxışlarda Gəncədə qazanılan uğurlar ölkə başçısı İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirildi.