Gəncədə 2016-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
12 aprel 2016 | 16:00
Öncə Ermənistanın silahlı təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hesabat məruzəsində bildirib ki, əvvəllər olduğu kimi 2016-ci ilin ilk 3 ayında da bütün sahələr üzrə göstəricilər yüksəlib, infrastruktur layihələri uğurla davam etdirilib. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə sənayeləşmə siyasətinin çağdaş dövrün çağırışlarına uyğun zənginləşdirilməsi Azərbaycan iqtisadiyyatının potensial imkanlarının daha da yüksəlməsinə yol açıb.
2016-cı ilin birinci rübü ərzində şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən 68 milyon 874 min manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilib. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 62,2 faizini təşkil edib. Üümumi istehsalın 91,2 faizi sənaye mallarının istehsalı, 8,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranıb.
Özəl sektorda ümumi daxili məhsul buraxılışının xüsusi çəkisi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artaraq 34,8 faizədək yüksəlib. Sənaye məhsulunun 92,2 faizi emal, 6,4 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,4 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölmələrində istehsal olunub.
Emal sənayesində, kompüter, elektron və optik məhsulları, qida məhsulları, tikinti materialları, kağız və karton, nəzarət ölçü cihazları, maşın və avadanlıqlardan başqa hazır metal məmulatları, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri bölmələrində və metallurgiya sənayesində artım müşahidə edilib.
Şəhərin nəqliyyat, rabitə və informasiya xidməti təsərrüfat subyektlərinin fəaliyyəti şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxlanılmış, bu sahəyə investisiyaların yönəldilməsi, avtomobil yollarının yenidən qurulması, genişləndirilməsi, təmir və bərpası istiqamətində mühüm işlərin görülməsi davam etdirilib. Dövlət başçısının tapşırığına əsasən 2015-ci ildə başlanılmış Zazalı-“İmamzadə” kompleksi–Gəncə avtomobil yolunun tikintisi cari ildə də davam etdiriləcək.
Bundan başqa “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Gəncə Paylayıcı Şəbəkəsi şəhərin sosial-iqtisadi inkişafını nəzərə almaqla əhalinin və iqtisadiyyatın dayanıqlı, fasiləsiz, sabit elektrik enerjisi ilə təmin olunması məqsədilə hesabat dövrü ərzində mərhələli şəkildə müəyyən tədbirlər həyata keçirib. Gəncə Qaz İstismarı Sahəsi 2016-cı ilin birinci rübü ərzində əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, ayrı-ayrı ərazilərdə yeni inşa edilmiş evlərin qazlaşdırılması və qaz təminatının bərpası istiqamətində müəyyən işlər görüblər. Şəhərin 28 May, Təbriz, V.Xuluflu, Qızıl Hacılı və digər küçələrdə, həmçinin Cavad xan qəsəbəsində əhalinin həyətyanı sahələrindən keçən qaz xəttləri kəməri təhlükəsiz yerə çıxarılıb. Mənzilləri qidalandıran mövcud qaz xəttləri qaz tənzimləyici şkaflara birləşdirilib.
İfrastrukturun vacib sahələrindən olan su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması dövlət qayğısı ilə əhatə olunub. Bu sahədə aparılan islahatların və müəyyən olunmuş proqramların reallaşmasına geniş imkan yaradılıb. Şəhərin suya olan tələbatının ödənilməsi, mövcud su təchizatı və kanalizasiya sisteminin perspektivə uyğun təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı hesabat dövründə də icra olunan layihə uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan təhsil sisteminin milli dəyərləri saxlanılmaqla dünya təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması, təhsil islahatlarının uğurla davam etdirilməsi təhsilin bütün pillələrində müsbət nəticələrin əldə olunmasına geniş imkanlar yaratmışdır. Təhsilin məzmunca yeniləşməsi, məktəblərdə müasir tələblər səviyyəsində təhsil mühitinin formalaşması, şəhər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris binalarının təmiri, yeni məktəb binalarının tikintisi Gəncə şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmaqla, bu sahədə davamlı işlər aparılır. Hesabat dövründə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə yeni inşa edilmiş 1 min 200 şagird yerlik əlavə tədris korpusu istifadəyə verilib.
Gəncə şəhərində səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığına etibarlı təminat verən müasir infrastrukturun yaradılması şəhər İcra Hakimiyyətinin xüsusi diqqət mərkəzindədir.
Ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, eləcə də “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının yeni qəbul edilmiş Qanununu əldə rəhbər tutaraq Gəncə Şəhər İcra Hakimiyyətində hər an vətəndaşlarla və sıravi insanlarla bilavasitə təmasda olan Aparat əməkdaşlarından etik norma və qaydalara ciddi əməl edilməsi, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin vaxtında öyrənilib, müvafiq tədbir görülməsi tələb olunmaqla, bu sahədə işlər daha da gücləndirilmişdir.
Daha sonra cari ildə “Gəncə -2016 Avropa Gənclər Paytaxtı” layihəsinin təntənəli açılışı və açılışdan sonra həyata keçiriləcək layihələrlə bağlı yığıncaq iştirakçıları məlumatlandırıb.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olundu.