Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Novruz meydanında bayram şənliyi keçirildi

20 mart 2013 | 16:00

Elimizin, obamızın əziz bayramı olan Novruzun gəlişi təbiətdə olduğu kimi könüllərdə də xoş bir təlatüm, sevinc hissi oyadır. Böyük həyəcanla gözlədiyimiz bu bayramın pişvazına ruh yüksəkliyi, uğur, geniş abadlıq və quruculuq işləri ilə çıxan gəncəlilər son iki ildə yüksək zövq və peşəkarlıqla qurulmuş Novruz meydanına toplaşmışdılar. Artıq neçə gün idi ki, şəhəri dolaşan milli geyimli at və faytonlu carçılar hər kəsi bahar şənliyinə dəvət edirdi.
Bahar təravətli Novruz meydanında şəhər sakinlərini salamlayan Ozan baba Novruzun gəlişi münasibətilə şənliyə toplaşanları təbrik etdi və ən xoş arzularını çatdırdı.
Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev meydana toplaşanları təbrik edərək Novruzin öz mübarək qədəmləri ilə hər bir ailəyə əmin-amanlıq, bol ruzi-bərəkət, uğurlar və şən bayram əhval-ruhiyyəsi gətirməsini dilədi. İcra Başçısı sözünə davam edərək bildirdi ki, gəncəlilər əziz bayramı uğurlarla, könül xoşluğu, abadlıq işləri ilə qarşılayırlar.  Başdan-başa bayram libasına bürünmüş Gəncədə böyük quruculuq işləri davam edir. Möhtəşəm layihələrin başa çatmasına az qalıb. Yeni park və xiyabanlar salınıb, küçə və prospektlər genişləndirilib, binalar müasir görkəm alıb. 8 məktəbin qırmızı lenti kəsilib. Bütün bunlar gəncəlilərin bayram şənliyini daha əzəmətli edən uğurların yalnız bir qismidir.
Şənlik iştirakçıları alovlanan Novruz tonqalının ətrafında Bahar qız, Keçəl və Kosa ilə rəqs edir,  şən-şaqrar musiqilər bir-birini əvəzləyirdi.

Novruz meydanında keçirilən bayram şənliyi hər kəsə xoş ovqat bəxş etdi.

Keçidlər