Gəncədə Mir Cəlal Paşayevin anadan olmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 108 il ötür. Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüs və təşkilatçılığı ilə elm xadimi Mir Cəlal Paşayevin Gəncədəki ev müzeyində xatirə gecəsi keçirilib.
Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri üzrə Dissertasiya Şurasının sədri professor İbrahim Quliyev, şəhərin idarə rəhbərləri və ziyalılar iştirak edib.
Tədbirdə giriş sözlə çıxış edən Elmar Vəliyev görkəmli yazıçının həyat və yaradıcılığına nəzər salaraq bildirib ki, Mir Cəlal Paşayevin bədii və elmi irsinin, zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında öz yeri var. İstedadlı qələm ustası olan Mir Cəlal Paşayev Azərbaycanın ədəbiyyat xəzinəsini öz nəsr əsərləri ilə daha da zənginləşdirib.
Daha sonra çıxış edən İbrahim Quliyev Mir Cəlal Paşayevin həyatı boyu ədəbiyyatımızı tədqiq edən alim kimi Azərbaycan ədəbiyyatı nəzəriyyəsininin də yaradıcısı hesab olunduğunu bildirib.
Xatirə gecəsində rəsmi hissədən sonra bədii rəhbər və dirijor Azərbaycan Respublikasının əməkdar artisti Rafael Bayramov, konsertmeyster Azərbaycan Respublikasının əməkdar artisti Zərinə Allahverdiyevanın iştirakı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri konsert proqramı ilə çıxış edib.