Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü kütləviliklə qeyd edilib
Gəncədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü kütləviliklə qeyd edilib Gəncə şəhərinin baş meydanında şəhər rəsmiləri, idarə, müəssisə və təşkilatların nümayəndələri dahi şəxsiyyətin abidəsi önünə tər çiçək dəstələri qoyaraq öz ehtiramlarını bildiriblər. Daha sonra tədbir ağacəkmə aksiyası ilə davam etdirilib. Yaşıllaşdırma işləri Heydər Əliyev Park Kompleksində, Nizami Məqbərəsi istiqamətində, şəhərin giriş və çıxış hissələrində, həmçinin şəhərin park, prospekt və küçələrində həyata keçirilib. Keçirilən ağacəkmə kampaniyasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, aksiya may ayının sonuna kimi davam edəcək. Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində şəhərdə 82 min 500 ağac əkilib. 10 may tarixində isə şəhər üzrə 10 min 500 ədəd müxtəlif növ ağac torpağa basdırılıb. Yaşıllıqlar şəhəri olan Nizami Yurdunda ağacəkmə kampaniyasında şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyətin nümayəndələri böyük həvəslə iştirak ediblər. Aksiya zamanı şəhərin landşaftına uyğun olaraq şam, sərv, çinar ağacları, qızıl gül kolları, eləcə də müxtəlif növ çiçəklər əkilib. Əkilən ağacların, gül və çiçək kollarının dibləri bərkidilərək suvarılıb. Öncədən əkilən ağaclara isə aqrotexniki qaydada qulluq göstərilib.