Gəncədə şəhidin medalı ailəsinə təqdim edilib
Azərbaycan-Ermənistan təmas xəttində baş verən 4 günlük müharibə zamanı vətənə olan sədaqət və sevgisini öz canından üstün tutan və bu yolda şəhid olan zabitlərimizdən biri Quliyev İnqilab Çingiz oğluna təltif edildiyi “İgidliyə görə” medal Gəncə yaşayan ailəsinə təqdim olunub.
Medal şəhidin oğlu Quliyev Hüseynə təqdim edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərancamı ilə verilən medalın təqdimetmə mərasimində Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev, Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani, şəhid ailəsinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin şəhidi, kapitan İnqilab Çingiz oğlu Quliyevin Azərbaycan ordusunun təmas xəttində göstərdiyi şücaətlərdən danışıb. Bildirib ki, İnqilab Quliyevin də qatıldığı uğurlu əməliyyatlar nəticəsində strateji əhəmiyyətli yüksəkliklər düşməndən azad edilib. Elmar Vəliyev xüsusi vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətimizin hər bir vətəndaşı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrinə tabe olur. Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani şəhidin ailəsini Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun və nazirliyin rəhbərliyi adından salamlayaraq onlara vətənə layiq övladlar böyütdüklərinə görə minnətdarlığını bildirib. Nazirliyin rəsmisi qeyd edib ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, xalqın yaddaşında əbədi yaşayır, onların xatirələri əziz tutulur, adları əbədiləşdirilir. Şəhidin atası Çingiz Quliyev oğlu ilə qürur duyduğunu bildirib. Bildirib ki, Azərbaycanın İnqilab kimi qəhrəmanları var. Şəhid atası qeyd edib ki, İnqilab bizim ailənin adını uca etməklə yanaşı, bu millətin, bu dövlətin də başını ucaltdı. Qoy, hamının övladı İnqilab kimi qəhrəman olsun! Çingiz Quliyev Prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya onun ailəsinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib. AMEA-nın Gəncə bölməsinin direktoru Fuad Əliyev çıxışında dövlətimiz tərəfindən torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçuların şücaətinin heç də diqqətdən kənarda qalmadığını, onların ailə üzvlərinin qayğı və problemlərinin daim diqqət mərkəzində saxlandığını qeyd edərək şəhid ailəsinə baş saglığı verib və Allahdan səbr diləyib. ADAU-nun rektoru İbrahim Cəfərov çıxış edərək ötən ay Azərbaycan ordusunun cəbhədə əldə etdiyi uğurlardan danışaraq şəhidlərin qanının yerdə qalmayacağını, tezliklə işğal altında olan torpaqların azad ediləcəyini bildirib. “Novosti Qyanji” qəzetinin baş redaktoru İrina Kalaşnikova çıxışına şəhid ailəsi üzvlərinin qarşısında baş əyərək bildirib ki, Azərbaycan xalqının hər vətəndaşının qarşısında birinci vəzifə öz torpağını qorumaqdır. İrina Kalaşnikova xüsusi vurğulayıb ki, şəhidlər hec vaxt ölmür, onlar hər zaman bizimlədir. Sonda tədbir iştirakçılarından bir neçəsi öz fikirlərini bildiriblər. Xüsusən də "Ya Qarabağ ya ölüm" şeri iştirakçılarda daha da ruh yüksəkliyi oyadıb.