Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialı açılıb

13 may 2016 | 16:00

Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov, şəhərin səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Mərkəzlə tanışlıq zamanı məlumat verilib ki, tibb ocağı texnologiyanın son naliyyəti hesab edilən aparat, cihaz və avadanlıqlarla təhciz edilib. Mərkəzdə çalışan 30 nəfərə yaxın tibbi personal xəstələrin sağlamlığının keşiyində dayanacaq.
Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında müxtəlif göz patologiyasına tutulmuş xəstələrə, o cümlədən uşaqlara yüksək ixtisaslı oftalmoloji yardımın göstərilməsi, qlaukomanın konservativ, cərrahi və lazer müalicə üsullarının tətbiqi, müxtəlif növ müasir süni optik linzaların implantasiyası və fakoemulsifikasiya üsulları ilə aparılan kataraktanın cərrahi müalicəsi üçün tam şərait yaradılıb.
Anadangəlmə patologiya və zədə nəticəsində əmələ gələn göz almasının anatomik strukturlarının pozuntuları zamanı keratoplastika və digər optik-rekonstruktiv cərrahi əməliyyatlar, tor qişanın qopması və görmə üzvünün yenitörəmələri zamanı cərrahi əməliyyatlar, gözün virus və digər mənşəli iltihabi patologiyasının konservativ və cərrahi müalicəsi də mərkəzin Gəncə filialında həyata keçiriləcək.
Mərkəzin açılışından sonra mərasim iştirakçıları, şəhərin səhiyyə ocaqlarında çalışan həkim və tibb bacıları Heydər Əliyev adına Park Kompleksdə Ulu Öndərin  abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub və dahi şəxsiyyətin ruhuna ehtiram idafə edilib.
Daha sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının açılışına həsr olunmuş elmi konfrans öz işinə başlayıb. Konfransda Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən filmə tamaşa olunub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, Azərbaycan tibb elmində parlaq iz qoymuş akademik Zərifə xanım Əliyeva bütün fəaliyyəti boyu yüzlərlə insanın gözünə nur bəxş etmiş, səhiyyəmizə böyük töhfələr vermişdir. Bu insanı xatırlayanda istər-istəməz gözümüz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, nəcib Azərbaycan qadını, böyük bir nəslin layiqli övladı, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Bildirib ki, görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov  isə dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etdiyini vurğulayıb.
Konfransın elmi hissəsində  Tibb Elimləri üzrə Doktor Yeqorov Aleksey Yevgenyeviç  “Kistoz makulyar ödem”,  Rusiya Qlaukoma Cəmiyyətinin direktoru Kats Dmitri Vasilyeviç  “Qlaukomanın müalicəsinin müasir aspektləri” mövzusunda məruzə ilə çıxış ediblər.
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəkərli diabetin göz fəsadları üzrə bölmənin rəhbəri Müşfiq Kərimov “Proliferativ diabetik retinopatiyanın ağır fəsadları zamanı mikroinvaziv vitrektomiya”, Milli Oftalmologiya Mərkəzinin Gözün yoluxucu xəstəlikləri bölməsinin kiçik elmi işçisi Fuad Rəfiyev “Müasir cərrahiyyədə RLİ-nin üstünlükləri”, Mərkəzinin Baş həkimi Aytən Sultanova “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə regional filialında Eksimer lazer şöbəsi” haqda mühazirə oxuyublar.

Keçidlər