Novruz bayramı Gəncədə böyük coşqu ilə qeyd edildi
Hər il olduğu kimi bu il də gəncəlilər Novruz bayramını böyük sevinc və coşqu ilə qeyd etdilər. Başdan-başa bayram libasına bürünmüş Nizami yurdu Gəncə gündən-günə gözəlləşən görkəmi ilə dünyanın ən inkişaf etmiş şəhərləri sırasına daxil olduğunun sevincini yaşaya-yaşaya baharın gəlişini qeyd etdi. Milli bayramımız olan Novruzun UNESJO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsini, 21 martın Beynəlxalq Novruz günü elan edilməsini möhtərəm Prezidentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın zəhmətinin nəticəsi kimi dəyərləndirən gəncəlilər bunun üçün ölkə başçısına və xanımına dərin minnətdarlıqlarını bildirdilər, ürəkdən gələn bir istəklə «Novruz bayramınız mübarək olsun!» təbriklərini ünvanladılar.
Martın 19-da Novruz meydanından start götürən bayram şənlikləri bir gün sonra – 20 mart 2013-cü il tarixdə Cavad xan küçəsində davam etdi. Xalqımızı milli-mənəvi dəyərlərinə bağlayan Novruzun əzəmətini gəncəlilər Ozan babanın təbrikində bir daha yaşadılar. Gəncə həm də dünyaya ümumbəşəri dəyərlərin yaranmasında müstəsna xidmətləri olmuş Məhsəti, Nizami, Mirzə Şəfi Vazeh kimi dühalar bəxş etmişdir. Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında canlandırılan bu dahi şəxsiyyətlərin obrazları bayrama lirik ovqat, qürur və iftixar hissi bəxş etdi.
Səhnələşdirilmiş «Gəncə toyu» tamaşaçıları əsrlərin o tayına çəkib apardı. Rəqslər, ifalar alqışlarla qarşılandı.
Bayram şənliyi Baş meydanda böyük əzəmətlə davam etdi. Novruz bayramının gəlişi münasibətilə küçə və prospektləri, meydanları bayramın ruhuna uyğun şəkildə bəzədilmiş Gəncə Novruzun qədim milli bayram olduğunu əks etdirən şüar və plakatlar, eləcə də Novruz tonqalı, Kosa, Keçəl, Novruz xonçaları, səməni və çərşənbələri əks etdirən rəsmlərlə daha gözəl, daha cazibədar görünürdü. Şəhərin İnzibati binasının sütunlarında Novruzu, baharı mənalandıran bürclərin rəmzini əks etdirən plakatlar asılmışdı. Meydanın mərkəzində nəhəng Novruz tonqalı çatılmış, ətrafda rəngbərəng çadırlar qurulmuşdu. Milli geyimli qızlar «beşdaş», «fincan-fincan» oyunlarını təqdim edirdilər. Qara zurnanın müşayiəti ilə pəhləvanların qədim idman növlərindən olan qurşaqtutma, daşqaldırma, milli güləş, dirədöymə, ənzəli-dəyməz və s. oyunları nümayiş etdirildi. Baharın rəmzi olan səmənilərlə bəzədilmiş meydanın bir tərəfində təşkil edilmiş bayram süfrəsi ətrafında əyləşən sakinlər şirniyyata, müxtəlif təamlara qonaq oldular. Samovar çayı, Gəncədə istehsal olunan ərzaq məhsulları, kabab, qoz, fındıq, noğul, paxlava, şəkərbura, rəngli yumurtalar düzülmüş bayram xonçaları ilə bəzənmiş süfrələr, həmçinin sacda bişirilən yuxa, dəmə qoyulmuş plov gəncəlilərin qonaqpərvərliyindən xəbər verirdi.
Gəncə Dövlət Kukla Teatrının nəhəng kuklaları meydanda öz əzəməti ilə diqqəti cəlb edirdi. Novruzu vəsf edən musiqi sədaları hər kəsə xoş ovqat bəxş edir, nəhəng monitorda Novruz bayramını əks etdirən görüntülər təqdim olunurdu. İcra Başçısı Elmar Vəliyev mikrofon önünə keçərək gəncəliləri təbrik etdi. Ürək sözlərini səmimi bir şəkildə əhalinin diqqətinə çatdıran İcra Başçısı dedi:
«Əziz Gəncəlilər! Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, hər birinizə can sağlığı, səadət, işlərinizdə uğurlar arzulayıram.
Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.
Keçmişimizi bu günümüzlə bağlayan, onu qoruyaraq gələcəyə aparan Novruz milli-mənəvi dəyərlərimizin təcəssümüdür.
Gəncə Novruz bayramını tarixini saxlamaqla yeni, müasir siması ilə alnı açıq, üzü ağ qarşılayır. Şəhərimizdə quruculuq və abadlıq işləri uğurla davam edir. Həyata keçirilən irimiqyaslı layihələr təbiətin yeniləşməsi ilə həmahənglik təşkil edir. Şəhərin hər tərəfində gedən abadlıq-quruculuq işləri Azərbaycanla birlikdə Gəncənin də əsl yüksəliş, tərəqqi yolunda olduğunu bir daha təsdiqləyir…».
İcra Başçısının yandırdığı tonqalın alov dilləri iştirakçıların gözünə, könlünə daha böyük hərarət bəxş etdi.
Sonra şəhərin ictimai-mədəni həyatında fəallıq göstərən 36 nəfərə şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim olundu.
Şənlik böyük coşqu və ruh yüksəkliyi ilə davam etdi. Şən və oynaq musiqi sədaları altında bayram tədbiri başa çatdı.