Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Gəncə-2016 AGP” layihəsi çərçivəsində “Tarixin canlı səhifələri” adlı IV Gənclər festivalı keçirilib

23 may 2016 | 16:00

Festival Gənclər və İdman Nazirliyi, Dövlət Sərhəd Xidməti və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib. “İpək Yolu”nun üstündə yerləşən “Yeni Qızılca” ərazisində baş tutan tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Prezidenti katibliyinin rəisi Dilarə Seyidzadə, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahova, millət vəkilləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə öncə “Qədim dövrlər bazarı” ilə tanışlıq olub. Qonaqlar “Quzu çevirməsi”, “Kətə” və digər təamlardan dadıblar. Dünya şöhrətli Azərbaycan şairi və mütəfəkiri Nizami Gəncəvinin “Xəmsə” si əsasında hazırlanmış meydan tamaşaları festival iştirakçıları tərəfindən maraqla izlənib.

Daha sonra 400 nəfərə yaxın aktyor, tələbə və idmançının iştirak etdiyi festivalda “Babək”, “Cavad xan”, “Qara Yusif, “Sisyanov” və “Cahan Pəhləvan” obrazları canlandırılaraq onların keçdiyi qəhrəmanlıq yolu və şücaətləri nümayiş etdirilib. Ümumilikdə iki saata yaxın davam edən festivalda xüsusi hazırlanmış dekorasiya və səhnə, biri birini əvəz edən tarixi səhnələr tədbir iştirakçılarını tariximizin dərinliklərinə, qəhrəmanlar dünyasına səyahətə aparıb.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib ki, festivalın keçirilməsində məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyanı çatdırmaqdır. Layihə çərçivəsində Gəncə şəhərində ilin sonuna kimi 250-ə yaxın tədbirin həyata keçirilməsi nəzərdə tutulub. İntiqam Babayev vurğulayıb ki, Gəncədə il ərzində keçirilən tədbirlər vasitəsi ilə beynəlxalq miqyasda Azərbaycanı bir daha təbliğ etmək imkanı əldə ediləcək. Nazir müavini tədbirin ərsəyə gəlməsində professional rejissorların, ssenarı müəlliflərinin, tarixçilər, tədqiqatçıların əməyindən istifadə olunduğunu bildirib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə bildirib ki, bu tədbir həyatı vacib bir məsələdir. Ona görə ki, müharibə şəraitində yaşayırıq və gənclərin vətənpərvərlik ruhda tərbiyyəsinə çox böyük önəm verilir. Tamaşalarda gənclər Azərbaycanın tarixinin şanlı səhifələrini canlı şəkildə gördülər. Azərbaycanın ayrı-ayrı dövürləri burada səciyyələndi. Sonda isə çox düzgün olaraq göstərildi ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycanı qüdrətləndirdi. Bu gün isə bu qüdrət, bu nüfuz ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etməkdədir.

Qeyd edək ki, “Tarixin canlı səhifələri” adlı IV Gənclər festivalı atəşfəşanlıqla yekunlaşıb.

Keçidlər