Gəncədə 'Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi' mövzusunda regional konfrans keçirilib
Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Millət Vəkilləri, Ali təhsil müəssisələrinin rektorları, KİV nümayəndələri və şəhər ictimaiyyəti iştirak ediblər.
İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək,önünə gül dəstələri qoyublar.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Tədbirdə giriş sözü ilə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfrans iştirakçılarını salamlayaraq, yerli icra orqanları ilə medianın işgüzar əməkdaşlığının ümumi uğurlarını artırmağın önəmini vurulayıb. İcra başçısı xüsusi vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində “Mətbuat Qanunu” hazırlanıb. O zamandan senzuranın ləvğ olunduğunu qeyd edən Elmar Vəliyev, bu konfransın media ilə yerli icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafına təkan verəcəyini bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bu konfrasın qədim və tarixiliyini qorumaqla yanaşı, gündən-günə müasirləşən Gəncədə keçirilməsinin əhəmiyətindən söz açılıb. Azərbaycanda mətbuatın inkişaf tarixində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rollarını vurğulayan Vüqar Əliyev qeyd edib ki, ölkədə azad mətbuatın inkişafı üçün hər bir şərait yaradılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu formatda konfransın media ilə yerli icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini qeyd edib. Vüqar Səfərli Azərbaycanda medianın inkişaf tarixi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və fəaliyyəti barədə də iştirakçılara geniş məlumat verib. İcraçı direktoru Elmar Vəliyevə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun media ilə sıx əməkdaşlığa görə diplomunu təqdim edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Gəncədə son illərdə dinamik inkişafın mətbuatda geniş əks olunduğunu diqqətə çatdırıb. Bununla yanaşı Əflatun Amaşov cəmiyyətin həyatında medianın oynadığı rol barədə də iştirakçıları məlumatlandırıb.
“Xalq qəzeti”nin bölgə müxbiri Hamlet Qasımov Prezident İlham Əliyevin mətbuat işçilərinə olan diqqət və qayğısından danışıb. Bununla yanaşı Hamlet Qasımov müxbir kimi fəaliyyət göstərdiyi illər ərzində Gəncədə baş verən dəyişikliklərdən söz açıb.
“Kür qəzeti”nin baş redaktoru Əminə Yusifqızı mətbuat işçilərinə dövlət tərəfindən göstərilən qayğıdan danışaraq, media ilə yerli icra qurumlarının faydalı əməkdaşlığı barədə maraqlı fikirlər səsləndirib.
Məruzə ətrafında çıxışlar və müzakirələrdən sonra "Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Sonda xatirə şəkli çəkdirilib.