Şıxzamanlı qəsəbəsi abadlaşır
Vaxtı ilə hətta rəsmi adı olmayan və gəncəlilərin dediyi kimi «Dəmiryolunun altı» adlandırılan yaşayış massivinin vəziyyəti olduqca acınacaqlı idi. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan beş qəsəbədən biri olan Şıxzamanlı qəsəbəsi adı çəkilən ərazini əhatə edir. Qəsəbə az bir vaxtda abadlaşdırılmağa başlandı. Nəticə isə göz qabağındadır. 1,6 kilometr uzunluğu olan Azərbaycan, eləcə də Ağamalıoğlu və Həmid Sultanov küçələri asfaltlaşdırılıb. Piyadalardan ötrü səkilər qurulub. Ərazinin işıqlandırılması üçün 70-ə yaxın işıqlandırma dirəyi basdırılıb, yol kənarına həmişəyaşıl ağaclar əkilib. Qəsəbənin ictimai nəqliyyat işləyən sahələrində dayanacaqlar quraşdırılıb.
Şıxzamanlılar qəsəbəsində abadlıq işləri ilə tanış olan Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev sakinlərlə görüşərək onların problemi ilə maraqlanıb və həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Açıq mikrofon sakinlərin ürək sözlərini söyləməyə vəsilə olub. Yeni qəsəbənin sakinlərinin arzu və istəkləri, eləcə də onları narahat edən məsələlərin bir çoxu yerindəcə həllini tapıb. Qəsəbədə aparılacaq abadlıq və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verən İcra Başçısı abadlaşdırma işlərinin davam edəcəyini bildirib. Qəsəbədəki uşaq bağçasının, poliklinikanın, eləcə də digər ictimai binaların bu yaxınlarda istifadəyə verilmiş 3 nömrəli tam orta məktəb qədər gözəl və yaraşıqlı olacağını qeyd edib. E.Vəliyev bütün bunların ölkə Prezidenti İlham Əliyevin Gəncə və gəncəlilərə qayğı və dəstəyinin bariz nümunəsi olduğunu söyləyib.
Qəsəbə sakini Abbas Dadaşov sevinclə bildirdi ki, qısa zamanda görülən bu işlər sübut edir ki, Şıxzamanlı qəsəbəsi Gəncənin ən abad, ən yaraşıqlı yaşayış massivlərindən biri olacaqdır.