Gəncədə “Gənclik və dövlət müstəqilliyi” mövzusunda konfrans keçirilib
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təşəbbüsü ilə keçirilən konfransda Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov və ictimaiyət nümayəndələri iştirak ediblər.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, azərbaycançılıq ideyasından danışıb. Ölkəmizin hər yerində olduğu kimi, Gəncə şəhərində də dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini qeyd edən Elnur Rzayev xüsusi vurğuluyub ki, gənclərin məşğulluğunun təmin edilməsi, təhsili, hərtərəfli inkişafı, vətənpərvər ruhda tərbiyəsi istiqamətində ardıcıl iş görülür.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında bildirib ki, bu gün xalqımız tarixin şanlı səhifəsini yaşayır. Bu gün Azərbaycan gənci nəinki ölkə daxilində gedən proseslərdə fəallıq göstərir, eləcə də beynəlxalq miqyasda müxtəlif sahələrdə ölkəmizi layiqincə təmsil edir. Aprel ayında cəbhədə baş verənlər Azərbaycan dövlətinin, ordumuzun qüdrətini bir daha nümayiş etdirdi. Xalqımızın, gənclərin yüksək vətənpərvərlik ruhunun şahidi olduq.
Millət vəkili Pərvin Kərimzadə 1990-cı illərin əvvəllərindəki ictimai-siyasi vəziyyətdən, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, müstəqilliyimizin qorunmasında və onun daha da möhkəmləndirilməsində, milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov Gənclər Fondu haqqında geniş məlumat verib. Dəstək olduqları layihələrdən danışan Faiq Qürbətov qeyd edib ki, ulu öndər Heydər Əliyevin gördüyü işlər nəticəsində indi Azərbaycanda gənclər daha da inkişaf edib, yüksək nailiyyətlər əldə edirlər.
Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, ulu öndər Heydər Əliyevin və onun siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən bəhs edib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov bildirib ki, Azərbaycanın bu dövrdə əldə etdiyi dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və digər tarixi nailiyyətlər məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanır.
Azərbaycan Texnologiya Universitetinin tərbiyə işləri üzrə koordinatoru Rauf Əmənov “Azərbaycan xalqının tarixi nailiyyəti-inkişafa və tərəqqiyə gedən yol”, YAP Gəncə şəhər Təşkilatının Gənclər Birliyinin sədri Turan Məmmədzadə “Azərbaycanın dövlətçilik tarixinin müasir mərhələsində Azərbaycan gənclərinin vətənpərvərlik məktəbi, Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov “Müstəqil dövlətçilik ənənələrinin gənclər arasında təbliğ edilməsində gənclər təşkilatlarının rolu”, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin İcraçı direktoeu Hüseynxan Hacızadə “Müstəqil, hüquqi, demokratik, dünyəvi dövlət və multikultural dəyərlər”, Gəncə şəhər 21 saylı orta məktəbin müəllimi Gülnar Hüseynova “Təhsil müəssisələrində müstəqil dövlətçilik ənənələrinin təbliği məktəblilərin vətənə sədaqət ruhunda tərbiyəsinin əsasıdır”, Gəncə Musiqi Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Nuray Rəvani “Müstəqil, hüquqi, demokratik dövlətçilik ənənələrinin inkişafında milli-mənəvi dəyərlərimizin rolu”, Gəncə Kitab Klubunun rəhbəri Ülviyyə Mahmudova “Dövlətçilik ənənələrinin gənclərə aşılanmasında müasir texnologiyaların, kütləvi informasiya vasitələrinin və təbliğat üsullarının təsir imkanları”, Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional ofisinin rəhbəri Aygün Həsənzadə “Gənc nəslin azərbaycançılıq və vətəndaşlıq prinsipləri əsasında tərbiyəsi müstəqil dövlətçilik ənənələrinin əsasıdır” mövzularında çıxışlar ediblər.