Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Gənclər-İnnovasiyalar-Kitabxanalar” Azərbaycan-Rusiya elmi-praktik konfransı keçirilir

02 noyabr 2016 | 16:00

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Sərəncamın icrasını təmin etmək üçün təşkil olunan elmi-praktik konfransda Rusiya Federasiyasının kitabxana-informasiya sahəsində tanınmış mütəxəssisləri və Gəncə şəhəri ilə yanaşı ətraf rayonların mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları iştirak edirlər.

Konfransa başlamazdan öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin şəhərin baş meydanındakı abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyublar. Qonaqlar Miniatür Kitab Muzeyinin Gəncə filialı ilə yaxından tanış olublar.

Məlumat verilib ki, Miniatür Kitab Muzeyinin Gəncə filialında təkcə Azərbaycanın deyil, həm də digər ölkələrdən olan görkəmli siyasətçilərə, ədəbiyyat, elm, incəsənət və idman xadimlərinə həsr edilmiş mini kitablar, dünya ədəbiyyatının nadir incilərini olan mini kitablar və rəngli illüstrasiyalı uşaq miniatür kitabları oxuculara təqdim olunur. Həmçinin miniatür dini kitablar, o cümlədən, ekspozisiyanın 15-ci vitrinində 1672-ci ildə Səudiyyə Ərəbistanında çap olunan Quran nümayiş etdirilir.

Konfrans iştirakçısı Yekaterina Popova Miniatür Kitab Muzeyinin Gəncə filialında yaradılan şəraitə heyran olduğunu bildirib. Onlar yaşadıqları şəhərlərdə də bu qədər kitabla zəngin bir muzeyin fəaliyyətə başlamasını arzu ediblər.

Daha sonra Məhsəti Gəncəvi Mərkəzində öz işinə başlayan “Gənclər-İnnovasiyalar-Kitabxanalar” Azərbaycan-Rusiya elmi-praktik konfransında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri Lətifə Məmmədova qonaqları salamlayaraq vurğulayıb ki, konfrans çərçivəsində Azərbaycan və Rusiya Federasiyasının müxtəlif profilli kitabxanaları arasında əməkdaşlığın qurulması nəzərdə tutulub.

Sektor müdiri bildirib ki, konfransın proqramına Azərbaycan və Rusiyanın bu sahədə yüksək təcrübəyə malik peşəkar mütəxəssislərinin birgə iştirakı ilə iki gün ərzində diskussiyaların, interaktiv elmi debatların aparılması, “dəyirmi masa”ların keçirilməsi, qabaqcıl təcrübəyə və kitabxana-informasiya sahəsində tətbiq olunmuş yeniliklərə əsaslanan mülahizələrin edilməsi və aktual məsələlər üzrə müzakirələrin aparılması daxil edilib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva qonaqları dahi söz ustadı Nizami Gəncəvinin vətəni Gəncə şəhərində salamlayıb. "Gəncə -2016 Avropa Gənclər Paytaxtı” layihəsi haqda konfrans iştirakçılarına məlumat verən xanım müavin diqqətə çatdırıb ki, layihə çərçivəsində çoxsaylı yerli və beynəlxalq tədbirlər, festivallar həyata keçirilib. Gəncədə il ərzində keçirilən tədbirlər vasitəsi ilə beynəlxalq miqyasda Azərbaycanı bir daha təbliğ etmək imkanından yüksək peşəkarlıqla yararlanılıb. Layihənin davamı olaraq Gəncə və Avropa ölkələrindən olan gənclərin gələcəkdə birgə əməkdaşlığına da imza atılır.

Rusiya Federasiyasının kitabxana –informasiya sahəsində tanınmiş mütəxəssisləri Vadim Stepanov, Aleksandra Vaxruşeva, Vladimir Lyutetiski, Olqa Andon və Pavel Pelevin öz kitabxanalarında həyata keçirdikləri təcrübələri bölüşüblər. Çıxışlarda bildirilib ki, 2-3 noyabr tarixlərində keçirilən konfrans respublikanın müxtəlif kitabxanalarında çalışan gənc kitabxanaçılar üçün mütərəqqi bilik və vərdişlərin mənimsənilməsi, innovativ metodların öyrənilməsi və təcrübə mübadiləsinin aparılması baxımından əməli-praktiki əhəmiyyətə malik olacaq.

 

Keçidlər