Gəncədə Azərbaycanla Fransa regionları və şəhərləri arası əməkdaşlığa dair I seminar keçirilib
Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş dövlət proqramlarında bu sahənin inkişafına xüsusi önəmin verildiyini, üzümçülük və şərabçılığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, bu qəbildən olan tədbirlərin keçirilməsi ölkələr arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Həmçinin bu əlaqələr iqtisadi sahənin inkişafına da öz töhvəsini verəcək.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov Konyak şəhəri ilə bu sahədə əməkdaşlıqdan, Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov isə Kolmar şəhəri ilə şərabçılığın inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıblar.
Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Konyak şəhərinin meri Mişel Qurenşa, Kolmar şəhəri merinin birinci müavini İvHemedinqer, Bordo şəhər meriyasının Azərbaycan üzrə nümayəndəsi An-Sofi Motyliski bu gün Gəncədə keçirilən və artıq ənənəvi xarakter daşıyan festivalın Azərbaycan-Fransa iş adamları arasında əlaqələrin güclənməsində, qeyri-neft sektorunun ixrac qabiliyyətli sahələrindən olan şərabçılığın inkişafında, bu sahədə təcrübə mübadiləsində əhəmiyyətli olduğunu diqqətə çatdırıblar.
Fransanın Azərbaycandakı səfiri Orelia Buşez və Azərbaycanın Fransadı səfiri Elçin Əmirbəyov Fransanın şərabçılıq sahəsində böyük təcrübəyə malik olduğunu qeyd ediblər. Hər iki səfir şərabçılıq kimi ənənəvi sahələrin inkişafının prioritet olduğunu vurğulayıblar.
Seminarda Azərbaycan və Fransa arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin mühüm əhəmiyyəti də vurğulanıb.
Fransa regionları və əməkdaşlığa dair I seminar iştirakçılarına sonda xatirə hədiyyələri təqdim olunub.