Gəncədə “Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməli qoyulub
Azərbaycanın sənaye şəhəri olan Gəncədə NB Satınalma və Ticarət MMC-ə məxsus “Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməlqoyma mərasimi olub. Təməlqoyma mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov və şəhər ictimaiyyəti nümayəndələri iştirak edib.
Təməlqoyma mərasimini giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq tədbir iştirakçılarını salamlayıb. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsində Gəncənin günü-gündən inkişaf etdiyini deyən şəhər rəhbəri Gəncənin son illərdə əldə etdiyi nailiyyətlərdən danışıb. Gəncədə tikiləcək səyane obyektlərin silsiləvi hal aldığını qeyd edən Elmar Vəliyev bildirib ki, bunun nəticəsində ölkənin inkişaf etməsi ilə yanaşı 100-lərlə insan işlə təmin olunacaqlar.
“Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov 37,5 hektar ərazidə yerləşəcək zavodun bağlı sahəsinin 50 min kvadrat metr olacağını vurğulayıb. Bu sahənin 2016-cı ilin mart ayında Satınalma və Ticarət MMC-ə verildiyini qeyd edən zavod direktoru bildirib ki, ərazinin təpələrdən və dərələrdən düzəlməsi, hamarlanması və bərkidilməsinə 8 ay ərzində 150 nəfər işçi çalışıb. Zavodun Zaqafqaziyada yeganə suni mərmər və qranit istehsal edəcəyini vurğulayan Aqil Həsənov qeyd edib ki, tikinti materialları ölkə xaricinə də ixrac ediləcək.
Sonra Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev və “Süni Mərmər və Qranit İstehsalı” zavodunun direktoru Aqil Həsənov sənaye obyektinin təməlini qoydu.
Qeyd edək ki, dəmiryolu xəttinin vasitəsilə xammalların ətraf rayondan tikinti gedən sahəyə danışması, onları hazır məhsula çevrilib yerli və xarici bazarlara çıxarılması nəzərdə tutulub. 2017-ci ilin noyabr ayında istehsala başlayacaq zavodda 400 nəfərdən çox işçi çalışacaq.