Elmar Vəliyev vətəndaşların növbəti qəbulunu keçirib
Vətəndaş qəbulunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə və müəssisə rəhbərləri, o cümlədən 60 nəfərdən çox vətəndaş iştirak edib. Qəbulda vətəndaşların təklif, müraciət və şikayətlərinə baxılıb. Onların ehtiyacları qanunun tələblərinə uyğun şəkildə təmin edilib.
Qəbulda əsasən işıq, qaz və su problemləri, məşğulluğun təmin edilməsi, sahibkarlıq fəaliyyətinə dəstək və.s ilə bağlı problemlər səsləndirilib. İşsiz vətəndaşların işlə təmin olunması, Qarabağ müharibəsi əlillərinin mənzil ilə təminatı məsələsi də önə çəkilib. İcra başçısı Elmar Vəliyev tərəfindən dinlənilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb.
Qəbulda I qrup Qarabağ əlili Vüsal Məmmədovun toyunun xərcləri və digər ehtiyacları qarşılanıb. II qrup Qarabağ əlili Arif Cabbarovun qızının işlə təminatı, şəhid atası İlham Bayramovun mənzil şəraitinin yaxşılaşdırılması məsələsi də həllini tapan problemlərdən olub.
Vətəndaş qəbulunda şəhərin qəsəbələrində tibb və digər məntəqələrin yaradılması məsələsi də gündəmə gətirilib. Bu istiqamətdə işlərin qısa zamanda yekunlaşacağı və məntəqələrin təhvil veriləcəyi bildirilib. Araşdırılması vacib olan məsələlərlə bağlı isə icra başcısı tərəfindən aidiyyatı qurumlara tapşırıqlar verilib.
Vətəndaş qəbuluna yalnız problemi olanlar deyil, müraciətləri həll olunan vətəndaşlar - Parpar Babayeva, Kifayət Paşayeva da minnətdarlıq üçün gəlmişdilər. Qəbuldan razılıqla gedən vətəndaşlar onların problemlərinə diqqət və qayğı ilə yanaşan ölkə rəhbərinə və şəhər İcra Hakimiyyətinin başçısına minnətdarlıq ediblər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaş qəbulunda Nizami Yurdu sakinlərini narahat edən problemlərin əksəriyyətinin adiyyatı olan qurumlar ilə araşdırılaraq öz həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən müntəzəm olaraq Gəncə şəhərində vətəndaş qəbulunun keçirildiyini qeyd edən Elmar Vəliyev vurğulayıb ki, bu dəfə 62 vətəndaş problemləri üzrə müraciət edib.
Qeyd edək ki, bu qəbul da vətəndaşların arzu və istəklərinin, müraciətlərinin həllində mühüm addım olub.