Gəncədə ümumşəhər toplantısı keçirilib
İctimaiyyətin nümayəndələri və şəhər ziyalılarının iştirakı ilə keçirilən ümumşəhər toplantısında Gəncənin Avropanın Gənclər Paytaxtı müsabiqəsindəki iştirakı və Gəncənin tarixi ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev bu müsabiqənin əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, Gəncə başqa sahələrdə olduğu kimi beynəlxalq müsabiqələrdə də öz sözünü deməyə qadirdir. Bu qədim şəhər Avropa Gənclər Forumunun təşkilatçılığı ilə keçirilən Avropanın «Gənclər Paytaxtı» müsabiqəsinin ilk mərhələsini uğurla keçərək 12 ölkə arasından seçilən 5 şəhərdən biri olmuş və finala vəsiqə qazanmışdır.
Sonra Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, müsabiqəyə hazırlıq komissiyasının sədri Mikayıl Zeynalov çıxış edərək Gəncənin Avropanın «Gənclər Paytaxtı» olması üçün şəhərdə görülən işlərdən, həyata keçirilən beynəlxalq tədbirlərdən danışmışdır. Mikayıl Zeynalov demişdir ki, Gəncədə təşkil olunan beynəlxalq tədbirdə iştirak edən yüzlərlə gənc Azərbaycanın bu qədim şəhərini sevdiklərini söyləmiş, onun sürətli inkişafına heyran olduqlarını bildirmiş, Gəncənin 2016-cı ildə Avropanın «Gənclər Paytaxtı» olması iddiasını dəstəklədiklərini qeyd etmişlər.
Toplantıda bildirilmişdir ki, Gəncə durmadan inkişaf edir. Hazırda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə bir neçə obyektin inşası da əlavə olunacaqdır. Belə ki, şəhər stadionunun əsaslı şəkildə yenidən qurulması, Gəncə Olimpiya kəndinin təməlinin qoyulması yaxın vaxtlarda nəzərdə tutulub.
Yığıncaqda çıxış edən gənclər Gəncənin Avropanın «Gənclər Paytaxtı» müsabiqəsində finala çıxmasını böyük nailiyyət adlandırmış, növbəti mərhələdə də qalib olması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.
Toplantıda Gəncənin tarixi ilə bağlı məsələ də müzakirə olunmuşdur. Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev bildirmişdir ki, xeyli vaxtdır Gəncənin tarixi ilə bağlı müzakirə və mübahisələr gedir. Əldə olunan faktlar onu sübut edir ki, Gəncənin tarixi daha qədimdir. Yəni, 2504 deyil, 4000 ildir. Ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə göstərdikləri diqqət və qayğı gəncəliləri ruhlandıraraq yaşadıqları şəhərin əsl tarixi barədə məlumat əldə etməyə sövq etmişdir. İcra Başçısı daha sonra demişdir ki, hazırda bu istiqamətdə elmi araşdırmalara başlanılmış və dünyanın bir çox tanınmış elmi-tədqiqat institutlarına müraciət edilmişdir. Rəsmi rəy isə mayın əvvəllərində keçiriləcək Jənubi Qafqaz forumunda elan olunacaq. İlkin mənbələrə görə Gəncənin ən qədim hissəsi Zurnabad deyilən ərazidədir. Bundan başqa bu qədim şəhərin yaşı ilə əlaqədar araşdırmalar ABŞ-ın Smitsan institutu tərəfindən də aparılmışdır. «Gəncə şəhərinin 4000 illik keçmişi» layihəsinin rəhbəri, İskəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldin və Smitsan institutu milli muzeyinin rəhbəri Pol Teylor da Gəncənin yaşının 4000 il olduğu qənaətindədirlər.
Sonra tarixçi alimlər Gəncənin əsl tarixi ilə bağlı başlanan tədqiqatların əhəmiyyətindən danışmış və buna görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.