Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının 4-cü mərhələsinin təməli qoyulub
Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir.
Təməlqoyma mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azersu ASC-nin sədr müavini Etibar Məmmədov, Azər Aqrar Tikinti ASC-nin direktoru Bayram Həsənov, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev və şəhər ictimaiyyəti iştirak edib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq əlamətdar hadisə münasibəti ilə onları təbrik edib. Gəncə şəhərini içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarın;n seçildiyini deyən Elmar Vəliyev bildirib ki, Gəncədə yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcəkdir. Şəhərdə görülən bütün işlərin Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısı olduğunu qeyd edən İcra başçısı vurğulayıb ki, 3-cü mərhələ 3 ay müddətində yekunlaşdırılaraq 30-a yaxın küçənin asfalt örtüyünü çəkiləcəkdir.
Azersu ASC-nin sədr müavini Etibar Məmmədov layihənin birinci və ikinci mərhələlərinin artıq başa çatdığını deyib. Sədr müavini qeyd edib ki, bu mərhələ nəticəsində Gəncədə təxminən 80 000 abonent içməli su ilə təmin olunacaq. Etibar Məmmədov vurğulayıb ki, bu mərhələdə çərçivəsində həcmi 5000 kubmetr olan su anbarının, 195 km içməli su, 144 km kanalizasiya şəbəkəsinin, 41 km kollektorun və 2,3 km mikrotunelin inşası nəzərdə tutulur.
Azər Aqrar Tikinti ASC direktoru Bayram Həsənov Göygöl və Goranboy rayonlarında icra etdikləri layihələr haqqında söz açıb. Bayram Həsənov Azər Aqrar Tikinti adında layihənin bu mərhələsinin 30 ay nəzərtə tutulmasına baxmayaraq 24 aya tam keyfiyyətlə təhvil veriləcəyini bildirib.
AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev Gəncə sakinləri adından cənab İlham Əliyevə minnətdarlığını bildirərək Nizami yurdunda həyata keçirilən sosial infrastruktur layihələrdən söz açıb.
Daha sonra layihənin 4-cü mərhələsinin təməli atılıb.
Bildirək ki, layihə Gəncə şəhəri ilə yanaşı, Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərini əhatə edəcək. Layihənin birinci mərhələsi çərçivəsində işlərə 2011-ci ilin avqust ayında başlanılmış, Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılmış, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilmiş və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral kəmər çəkilib. Bu mərhələ üzrə tikinti işləri 2014-cü ilin fevral ayında başa çatdırılıb.
Layihənin ikinci mərhələsində Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılmış, bu mərhələ çərçivəsində 4 km uzunluğunda magistral kəmər, ümumi tutumu 12000 kubmetr olan 3 ədəd anbar və 6,9 km uzunluğunda anbarlararası xətt inşa edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən və məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğudan təmin ediləcək. Layihəyə əsasən bu mənbədən Gəncə şəhərinə saniyədə 1336 litr su veriləcək. 27,5 km uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq başa çatdırılıb. Gəncə şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi mərhələlərlə həyata keçirilir və ümumilikdə 855 km içməli su, 813 km kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur. Layihənin üçüncü mərhələsində 81 km içməli su, 70 km kanalizasiya şəbəkəsi çəkilib. Eyni zamanda şəhərdə 119 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulmuş, 7 minə yaxın sayğac quraşdırılıb.
Hazırda 350 min sakini olan Gəncə şəhərində əhalinin təxminən 45 faizi və ya 156 min nəfəri mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur. Onlar qrafikli rejimlə su alır. Gəncə şəhərində 315 km uzunluğunda kanalizasiya şəbəkəsi mövcuddur və şəhərin təqribən 45 faizini əhatə edir. Tullantı sutəmizləyici qurğu işləmədiyindən tullantı suları Samux rayonu ərazisindəki boş sahələrə axıdılır.