Yaponiya səfiri Gəncəyə səfər edib
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Teruyuki Katorinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev qonaqlara Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin sənaye potensialı, mədəniyyəti, iqtisadiyyatı, təhsil ocaqları, şəhərdə aparılan abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verib. Eyni zamanda Elnur Rzayev qonağa Gəncə şəhərində dünyaya göz açmış Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Cavad xan, Mirzə Şəfi Vazeh kimi şəxsiyyətlər haqqında danışıb.
Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Teruyuki Katori Gəncədə olmaqdan sevinc hissi duyduğunu bildirib. Səfir diqqətə çatdırıb ki, gəlişinin məqsədi iki ölkə arasında tarixən mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsidir. Teruyuki Katori xüsusi vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Yaponiya höküməti respublikanın bölgələrində vətəndaşların həyatını yaxşılaşdırmaq üçün müxtəlif layihələr icra edir. Teruyuki Katori bu günə kimi Gəncədə 15 layihənin həyata keçirildiyini deyib.
Görüşün sonunda qonağa hədiyyələr təqdim olunub və xatirə şəkil çəkdirilib.