Gəncədə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib
Gəncə müəllimlərinin 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmiş ənənəvi sentyabr konfransı keçirilib. Gəncə şəhər təhsil işçiləri konfransdan öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov 2016-2017-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edərək deyib ki, tədris ilində şagirdlərin sayı 38 min 670 nəfər olub. 38 min 670 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3.745 nəfər müəllim məşğul olub. Zakir Hüseynov qeyd edib ki, 2011-2017-ci illərdə 25 məktəb, İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya əsaslı təmir olunmuş, 4 məktəb isə yeni korpus, Uşaq Yaradıcılıq Mərkəzi, Gəncə Şəhər Təhsil İdarəsinin yeni inzibati binası tikilib.
Təhsil Nazirinin müavini Mətin Eynullayev təhsil işçilərini yeni tədris ili münasibəti ilə təbrik edib. Onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb. Nazir müavini həlli vacib məsələlərlə bağlı fikirlərini bildirərək yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb. Mətin Eynullayev cari ilin "Təhsildə keyfiyyət ili" elan olunmasının məqsəd və mahiyyətindən söz açıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfransda çıxış edərək son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. Şəhərdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərdən danışan Elmar Vəliyev pedaqoji kollektivləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb.
Gəncə şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin müdiri Vüsal Məmmədov konfrans iştirakçılarına Nizami yurdunda fəaliyyət göstərən təhsil ocaqlarında aparılan işlər haqqında geniş məlumat verib.
Millət vəkili Naqif Həmzəyev bildirib ki, təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsində Azırbaycan gəncləri savadlı, geniş dünyagörüşlü, fiziki cəhətdən sağlam və əsl vətənpərvərlər kimi formalaşırlar. Naqif Həmzəyev təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirdi.
Konfransda çıxış edən məktəb müəllimləri, paralimpiya çempionu Ramil Qasımov, qəbul imtahanından 700 bal toplamış tələbə Abdulla Əsgərzadə təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edərək, gələcək fəaliyyətlərində də cəmiyyətimizin inkişafına öz tövhələrini verəcəklərini bildiriblər.
Konfransın qərarı oxunduqdan sonra iştirakçılar cənab İlham Əliyevə müraciət ünvanlayıblar.