Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Məhsəti qəsəbəsinin sakinləri ilə səyyar görüş keşirilmişdir

16 aprel 2013 | 15:00

Ölkə başçısı tərəfindən imzalanan sərəncamla qəsəbə statusu alan Məhsəti qəsəbəsinin siması son bir neçə ayda tanınmaz dərəcədə dəyişmişdir. Uzun illərdən bəri yığılıb qalmış problemlərin əksəriyyəti, demək olar ki, qısa vaxt ərzində aradan qaldırılmış, sakinlərin rahatlığı təmin edilmişdir. Belə ki, ictimai nəqliyyatın intensiv gediş-gəlişi qaydaya salınmış, yollara asfalt döşənmiş, işıq dirəkləri basdırılmışdır. Artıq sakinlər təqaüd və məvaciblərini almaq üçün uzağa getmirlər. Elə qəsəbədəki poçt şöbəsində quraşdırılmış bankomat işi asanlaşdırmışdır. Qəsəbənin telefonlaşdırılması sürətlə davam edir. Su qıtlığının aradan qaldırılması üçün mövcud artezianlardan biri bərpa edilib və daha iki yeni artezian vurulub.
Bu günlərdə şəhər İcra Hakimiyyəti Başçısı Elmar Vəliyevlə qəsəbədə keçirilən görüşdə bu barədə ətraflı danışılmış, sakinlər onlara yaradılan şəraitə görə ölkə başçısına, eləcə də şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Görüşü giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev qeyd etmişdir ki, bu, qəsəbə sakinləri ilə keçirilən dördüncü səyyar görüşdür. Hər görüşdə qaldırılan məsələlərin həll edilməsi üçün mövcud imkanlardan istifadə olunub. Məhsəti qəsəbəsində keçirilən görüşdə də şəhərin idarə və təşkilatlarının rəhbərləri iştirak edib. Bu da qaldırılan problemlərin yerindəcə həll edilməsinə imkan yaradıb.
İcra Başçısı onu da vurğulamışdır ki, qəsəbədə yaşayan insanların vaxtilə inşa etdirdikləri evlərin bir çoxu sənədsizdir. Ölkə başçısının tapşırığı ilə həmin evlərin sənədləşməsi qaydaya salınmış, bununla da sakinlər bir çox  problemlərdən azad olmuşlar.

Sonra Elmar Vəliyev 50 nəfərə yaxın sakinə vaxtilə tikdirdikləri evlərin sənədlərini təqdim etmiş, bir qrup sakinə isə ehtiyacları nəzərə alınaraq torpaq sahəsinin ayrılması barədə sərəncam vermişdir. Yeni torpaq sahəsi alanlardan, 1-ci qrup əlil Elburus Quliyev, şəhid anası Sədaqət İbrahimova göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Görüşdə çıxış edən sakinlərdən Həsən Abdullayev qəsəbədə görülən işlərə görə sakinlər adından razılığını ifadə etmişdir. Sakinlər çıxış edərək qəsəbənin poçt, su və ara yollarının təmiri ilə bağlı bir sıra arzu və təkliflərini bildirmişlər.
Gəncəyə səfər edən ABŞ-ın Dövlət Departamentinin Qafqaz və regional konfliktlər üzrə struktur bölməsinin rəhbəri Castin Fridmanın  başçılıq etdiyi nümayəndə heyəti də səyyar qəbulda iştirak etmiş və tam demokratik şəraitdə keçən bu mərasimdən razı qaldıqlarını bildirmişdir. Milli Məclisin deputatı Asəf Hacıyev çıxış edərək Respublika Prezidenti İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən danışmış, digər bölgələr kimi Məhsəti qəsəbəsinin də gündən-günə çiçəklənməsini ölkəmizdə qazanılan uğurların məntiqi nəticəsi kimi dəyərləndirmişdir.
Sonra qəsəbədə yenicə vurulmuş artezianın açılışı olmuşdur. İcra Başçısının düyməni basması ilə həyat rəmzi olan su evlərə rahatlıq və sevinc bəxş etmişdir.

Keçidlər