Gəncədə yeni iki keçidin açılışı olub
Piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə şəhərin mərkəzi hissəsində tikilən 2 yeraltı keçidin açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ziyalıları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq cənab İlham Əliyevin 10 noyabr tarixində Nizami yurduna olan səfərinin bütün gəncəliləri sevindirdiyini bildirib. Nizami yurdunda Prezidentin iştirakı ilə 10-a yaxın açılışın baş tutduğunu qeyd edən şəhər rəhbəri xüsusi vurğulayıb ki, bütün bunlar İlham Əliyevin Gəncəyə və gəncəlilərə olan diqqət və qayğısının təzahürüdür. Gəncənin öz tarixini qoruyaraq müasirləşdiyini deyən Elmar Vəliyer şəhərdə hal-hazırda icra olunann layihələr haqqında ətraflı danışıb, eyni zamanda Prezident İlham Əliyevin göstərişinə əsasən 2018-ci ildə yerinə yetiriləcək işlər barəsində məlumat verib.
Şəhər ziyalısı Vaqif Novruzov son zamanlarda Nizami yurdunda baş verən hadisələrdən danışaraq Gəncə Dövlət Universitetinin əsas binasının qarşısında yerləşən keçidin istifadəyə verilməsi ətrafda yaşayan sakinlər ilə yanaşı, universitetin müəllim və tələb kontingentini də ürəkdən sevindirdiyini vurğulayıb.
Tələbə Ayşən Novruzova Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində ölkədə, o cümlədən Gəncədə bütün istiqamətlərdə olduğu kimi gənclik, mədəniyyət və təhsil sahəsində olan inkişafın bütün gəncləri sevindirdiyini dilə gətirib.
Gəncə Dövlət Universitetinin tələbəsi Çinarə Hümbətova 7 il ərzində Nizami yurdunda baş verən dəyişikliklərin möhtəşəm olduğunu vurğulayaraq, təhsil aldığı ali təhsil müəssisəsinin tələbələri adından ölkə rəhbərinə öz minnətdarlığını bildirib.
Çıxışlardan sonra keçidlərin açılışı bildirən rəmzi qırmızı lent kəsildi.
Bildirək ki, Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin və həmçinin Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində avtomobillərin və vətəndaşların təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvafiq olaraq 2 və 3 çıxışlı 2 ədəd yeraltı keçid istifadəyə verilib. Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsindəki 2 çıxışlı (Gəncə Dövlət Flarmoniyasının qarşısına və Cavad xan küçəsinə çıxış) yeraltı keçidin uzunluğu 28 metr, eni 4 metr, hündürlüyü 4 metr olmaqla 650 kv.metr sahədə qranit və mərmər döşənib, dekorativ işıqlanma sistemi və təhlükəsizlik kameraları quraşdırılıb.
Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki 3 çıxışlı (Gəncə Dövlət Universitetinin əsas binasının qarşısına, şəhərin baş meydanına və "Gəncə Mall" ticarət mərkəzinin qarşısına çıxış) yeraltı keçidin uzunluğu 70 metr, eni 4,4 metr, hündürlüyü 3,7 metr olmaqla 1000 kv.metr sahədə qranit və mərmər döşənib, tavan dekorativ elementlərlə bəzədilib, dekorativ işıqlanma sistemi və təhlükəsizlik kameraları quraşdırılıb.