Gəncədə bəstəkar Qəmbər Hüseynlinin abidəsinin açılışı olub
Gəncə şəhər Filarmoniya bağında Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin abidəsinin açılışı olub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Samir Cəfərov, bəstəkarın oğlu Nəsimi Hüseynli, qohumları və şəhər ictimaiyyəti bəstəkar Qəmbər Hüseylinin abidəsinin açılışında iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev abidənin üzərindəki rəmzi açılışı bildirən örtüyü götürüb və abidənin önünə gül dəstəsi qoyub. Şəhər rəhbəri Fikrət Əmirovdan dərs alan Qəmbər Hüseynlinin incəsənət sahəsində əldə etdiyi nailiyyətlərindən danışıb, eyni zamanda Gəncədə əsaslı şəkildə təmir olunan mədəniyyət mərkəzlərindən söz açıb. İcra başçısı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mədəniyyət sahəsində aparılan işlərin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini xüsusi vurğulayıb.
AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev Gəncənin milli nədəniyyət, elm, incəsənət mərkəzi olduğunu deyib. Fuad Əliyev dünyaca şöhrətli Qəmbər Hüseylinin həyat və yaradıcığından danışıb.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Samir Cəfərov Azərbaycan musiqisinin Birinci Vitse Prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində dünyada tanındığını deyib. Samir Cəfərov Nizami yurdunda belə abidələrin olmalarının ürəkaçan olduğunu qeyd edib.
Bəstəkarın oğlu Nəsimi Hüseynli tədbir iştirakçılarını salamlayaraq, İlham Əliyevin sərancamı əsasında Qəmbər Hüseynlinin 100 illiyinin qeyd olunduğunu deyib. Bəstəkarın oğlu, Nəsimi Hüseynli çıxışında atasının xatirəsinə ucaldılmış abidəyə görə ailələri adından ölkə rəhbərinə və onun xanımına minnətdarlığını bildirib.
Bildirək ki, hündürlüyü 2, pyedestalla isə 4 metr olan və ətrafında geniş abadlıq işləri aparılan abidənin müəllifi Asəf Həsənovdur.
Qeyd edək ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Bəstəkarın "Cücələrim" mahnısı dünyanın 148 xalqının dilinə tərcümə olunub. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi "Cücələrim" qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb.